Xorvatiyanın baş naziri Zoran Milanoviç UEFA prezidenti Mişel Platiniyə məktub ünvanlayıb. Apasport.az saytının “Reuters”ə istinadən məlumatına görə, baş nazir Platinidən xahiş edib ki, ölkəsinin futbol federasiyasına nisbətən yüngül cəza verilsin.
Belə ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Splitdə baş tutan Xorvatiya – İtaliya oyununda (1:1) meydançanın qazonunda faşizm simvolu olan svastika çəkilmişdi. Baş verən hadisəyə görə, Avropanın Ali futbol qurumunun xorvatlara ağır cəza verəcəyi gözlənilirdi.
Baş nazir məktubla bağlı açıqlama verərkən bildirib ki, Xorvatiya Futbol Federasiyası onsuz da cəzalandırılacaq, ancaq UEFA qərar verərkən daha xeyirxah davrana bilər.
Hökumət başçısı həmçinin ölkəsinin hüquq-mühafizə orqanlarının hadisəni araşdırdıqlarını və yaxın zamanda günahkarların cəzalandırılacaqlarına ümid etdiyini bildirib.