Yanne Mian: Bakıda taktiki dəyişikliklər edəcəyik
22.07.2014 - 18:00
Yanne Mian: Bakıda taktiki dəyişikliklər edəcəyik

“Müsbət məqam ondan ibarətdir ki, qapıçımız Kevin Stur Elleqaard sağalıb. Biz onu sabahkı məşqə çatdırmağa çalışırıq. İndi sual olaraq qalır ki, o, start heyətdə meydana çıxacaq, yoxsa yox. Biz bunu sabahkı məşqdən sonra biləcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Elfsborq”un baş məşqçisi Yanne Mian deyib.

“İnter”in Avroliqadakı rəqibi olan İsveçin “Elfsborq” klubu bu gün Buros – Frankfurt – Bakı reysi ilə Bakıya gəlib. Təxminən saat 18:00-da ölkəmizə çatan Buros təmsilçisi Bakıya itkilərlə gəlib. Belə ki, müdafiəçilər - Yon Yönsson, Anton Lans, yarımmüdafiəçi Liridon Qaşi və hücumçu Viktor Rottinq ölkəmizə gətirilən “18-lik”də yoxdur. Eləcə də əlil arabasında gəzən “Elfsborq”un məşqçisi Klas İnqesson iyulun 24-dəki oyunu canlı izləməyəcək.

Sabah “Şəfa” stadionunda mətbuat konfransı keçirəcək Yanne Mian Bakıya gəlməzdən öncə oyun haqqında fikirlərini bildirib: “Bakıda keçirəcəyimiz sabahkı məşqdə daha çox taktiki, bir az da sürətli hazırlığa fikir verəcəyik. Sıx qrafiklə oyun keçirdiyimizdən enerjimizi qoruyub saxlamalıyıq. Biz bir neçə taktiki dəyişikliklər edəcəyik. Ancaq bunu tam təfsilatı ilə açıqlamaq istəmirəm”.

Mian bazar günü İsveç çempionatında “Norrçöpinq”ə 2:4 hesablı yenilgidən sonra komandanın ruhdan düşdüyünü söyləyib: “Biz özümüzə inanırıq. İşimizdə bir az nöqsana yol vermişik. Ancaq biz panikaya düşməməliyik və hər şeyi təhlil edib yenidən başlamalıyıq. Bütün komanda birdən çöküb. Əgər “Norrçöpinq”lə oyunumuza baxsaq, fərqli düşünə bilərik. Bizim həqiqətən həmin matçda yaxşı imkanlarımız olub. Sadəcə buraxılan toplarda fərdi səhvlər etmişik və uğur da “Norrçöpinq”in yanında çox olub. Biz məyusuq və məsuliyyətimizi anlayırıq. Ancaq biz işıq parıltılarını da görməliyik. Bizdə komanda gəncdir, yeni məşqçi kollektivi var. Oyun fəlsəfəmiz futbolçuların üzərinə yüksək tələblər qoyur. Onlardan kişilik tələb olunur. Gözəl komanda olmaq üzərində çalışırıq, bu bizim ambisiyamızdır. Əlbəttə, istəyirik ki, etdiyimiz az dəyişikliklərlə qalib gəlib xallar qazanaq. Ancaq başqa cür alınmır”.

Qeyd edək ki, “Elfsborq” “İnter”lə oyunu da nəzərə alsaq, ardıcıl 5 görüşdür ki, qələbə qazana bilmir.
 

0