Martın 5-də Filippin yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi üçün matçın baş tutacağı “Əl-Şabab” stadionu tanış arenadır. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri artıq bir dəfə Dubaydakı bu stadiona çıxıblar.
Komandamız 3 il əvvəl toplanış zamanı Macarıstanla qarşılaşmanı “Əl-Şabab”da keçirmişdi. 2011-ci il fevralın 9-da baş tutan matçda macarlar 2 cavabsız qolla qalib gəlmişdi. Yığmamızı Qerqey Rudolf 37-ci, Tamaş Xajnal 81-ci dəqiqədə məyus etmişdi.
Həmin vaxt yığmanın düşərgəsində olanlardan Kamran Ağayev, Elnur Allahverdiyev, Mahir Şükürov, Rəşad Sadıqov, Vaqif Cavadov, Ruslan Abışov, Rahid Əmirquliyev, Rauf Əliyev, Cavid Hüseynov və Vüqar Nadirov yenə millimizin üzvləri arasındadır. Vladimir Levinlə Andrey Popoviçin də ikinci dəfə “Əl-Şabab”a ayaq basması da istisna deyil.
Əsl adı “Maktum Bin Rəşid əl Maktum Stadium” olan arena 18 min tamaşaçı tutumuna malikdir. Lakin çoxları bu stadionu burada çıxış edən “Əl-Şabab” klubunun adı ilə tanıyır. Bu komanda ev oyunlarını adıçəkilən arenada keçirir. Lakin bu idman qurğusu təkcə rəsmi oyunlar üçün deyil, məşq üçün də yararlıdır. Hazırlıq keçmək üçün 3 əlavə meydançası olan stadionun basketbol və tennis üçün qapalı idman zalı da mövcuddur. Arena BƏƏ-nin sabiq baş naziri, 2006-cı ildə vəfat edən şeyx Maktumun adını daşıyır.
Maraqlıdır ki, “Əl-Şabab” stadionu Dubayın digər arenası “Əl-Rəşid”in eynidir. Bu iki stadion yalnız məxsus olduğu klubların fərqli rənglərini əks etdirməsi ilə seçilir.