Yığmalar, xələflə-sələf və ya əlvida, hücum futbolu!
04.09.2014 - 23:00
Yığmalar, xələflə-sələf və ya əlvida, hücum futbolu!

2014-cü ilin sentyabrın 3-ü. Bu tarix bir daha çəkiləndə ayın gününə uyğun 3 şeylə xatırlanacaq. Birincisi, millimizin Moskvada 0:4 hesablı yenilgisi, ikincisi, U-21 millimizin gözlənilməz qələbəsidi. Üçüncüsü də ki, Avroliqanın qrupuna vəsiqə qazanmış ilk məşqçimiz olan Böyükağa Hacıyevin anidən çıxan istefa qərarıdı.

 

Etiraf edək ki, hər 3 olay gözlənilməzliyi ilə diqqət çəkir. Əslində, millimizin ruslara uduzmağında gözlənilməzlik axtarmaq düzgün deyil. Sadəcə, nəticə biabırçıdı.  

 

Bəli, Berti Foqts ruslarla oyuna eksperiment nəzəriyyəsinin növbəti səhifəsi kimi yanaşmışdı. Axı, Bolqarıstandan Moskvadakı matçı izləməyə “casus”un gələcəyi öncədən bəlli idi. Ona görə də “Simurq”un ən “bərkgedən” futbolçusu sayılan İlkin Qırtımov, millidə hələ də qol vura bilməyən Cihan Özkara start heyətində idi, Rahid Əmirquliyev, Mahir Şükürov və Vaqif Cavadov isə gənc futbolçular kimi şansını gözləyirdilər.

 

Bir sözlə, Foqtsun “casus”dan heyəti gizlətmək istəyi başadüşülən idi. Heç şübhəsiz ki, Bolqarıstanla evdəki qarşılaşmada milli belə məzmunsuz oyun göstərməyəcək. Amma bu matç bəzi futbolçuların millidəki taleyinə aydınlıq gətirdi desək, yanılmarıq. Məsələn, İlkinin yığmada yerinin olmadığı hamıya aydın idi. Aydın olmayanlara da bu matç eynəklərini silmək üçün şərait yaratdı. “Karlsrue”nin hücumçusu Dmitri Nazarov isə 2-ci Bundesliqada da belə oynayırsa, vallah, Azərbaycan çempionatı bu birincilikdən heç nə ilə fərqlənmir.

 

Amma bu matç bizdən çox, ruslara lazım idi. Çünki bu qarşılaşma Rusiyanın seçmə mərhələdəki ilk rəqibi olan Lixtenşteynlə bizim müqayisəmizə hesablanmışdı. Bəs biz nə qazandıq? Heç vaxt böyük hesabla yenilmədiyimiz ruslardan 0:4 hesablı darmadağın. Bu da bizimlə ruslar arasında prinsipiallığın sonu. Məgər Almaniyanın Hollandiya ilə keçirdiyi görüşlərdə də top bir qapıya tərəf istiqamətlənir?...

 

Yəqin ki, çoxları televiziya arxasından əsas millini izləməkdənsə, canlı göstərilməyən U-21-ə görə Mərdəkana getməməyinə indi çox peşmandı. Axı, həmin gün komandamız İsrail üzərində böyükhesablı qələbə qazanmaqla tarix yazdı. Açığı, Netanyadakı 2:7 hesablı yenilgini canlı izləyən 3 jurnalistdən biri kimi İsrailə müqavimət göstərməyimizin mümkünsüz olduğunu gözləyirdim. Üstəlik, yəhudilər həm bu, həm də makedoniyalılarla qarşılaşmalarda qalib gəlməklə, ən yaxşı 4 qrup ikincisindən biri olmaq istəyirdi...

 

Amma görünür, Bernhard Lippertin istefa xəbərini verəcəyini açıqlaması futbolçularda əlavə motivasiya formalaşdırmışdı. Təklif edirəm ki, Berti Foqts da hər oyundan öncə futbolçularına istefa verə biləcəyinə dair ismarıc versin. Belədə istisna deyil ki, futbolçularımız almaniyalı məşqçiyə qapını bərk örtmək üçün yaxşı şərait yaradalar.

 

Millinin ilk hissəsinin sonlarına doğru eşitdiyimiz 3-cü xəbər “Neftçi” ilə bağlı oldu. Əslində, “Partizan”a Bakıdakı yenilgidən sonra “Azərbaycan çempionatına bundan sonra marağım qalmayıb” deyən Böyükağa Hacıyevin istefası müəyyən mənada gözlənilən idi. Amma qərarın məhz dünən açıqlaması...

 

İndi isə Arif Əsədovun komandanın sükanı arxasına gələcəyi deyilir. Həmin Əsədov ki, Hacıyevin “Neftçi”dəki sələfi idi. Hacıyevin gedişi “Neftçi”də qorxaq futbolun başlamasına səbəb olacaq. Hər halda, futbolçu karyerası boyunca müdafiəçi olan Əsədovun “Neftçi”sinin əvvəllər nəyə qadir olduğunu görmüşük. Bir sözlə, əlvida hücum futbolu, xoş gəldin müdafiə futbolu...

 

Səbuhi TOFİQOĞLU