Azərbaycan futbolunda görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, ölkəmizin 21 yaşadək futbolçulardan ibarət milli komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb.
Belə ki, Avropa çempionatlarının seçmə mərhələlərində 1994-cü ildə debüt edən yığmamız ilk dəfə böyük hesabla qalib gəlib. Avro-2015-in seçmə mərhələsinin İsraillə ev oyununda 3:0 hesabı ilə qalib gələn U-21 yığmamız indiyədək heç vaxt 3 top fərqi ilə qalib gəlməmişdi. Bernard Lippertin yetirmələri ilkə “Dalğa Arena”da imza atdılar.
Belə ki, qitə çempionatlarının seçmə mərhələlərində yalnız 1 dəfə 2 top fərqilə qalib gələn millimiz ötən il oktyabrın 10-da səfərdə Norveçi 3:1 hesabı ilə yenmişdi. Digər 7 qələbə isə minimal fərqlə olmuşdu - 3 dəfə 1:0, 3 dəfə 2:1, 1 dəfə 3:2.
Bundan başqa, millimiz daha 3 rekordu təkrarlayıb. Komandamız 3-cü dəfə bir oyunda 3 qol vurub. İndiyədək tarixində iki dəfə 3 qol vuran komandamız 3-cü dəfə bunu bacardı. 2010-cu il sentyabrın 4-də Albaniyanı 3:2 və ötən il Norveçi 3:1 məğlub edəndə millimiz bunu bacarmışdı.
Millimiz 3-cü dəfə seçmə mərhələdə 2 qələbə qazana bilib. AVRO-2002 və AVRO-2013-də 2 qələbə qazanan yığmamız bir tsikldəki qalibiyyət sayında rekordunu təkrarlayıb.
Yığmamız qol sayını 8-ə çatdırıb. Yığmamız AVRO-2011-dəki məhsuldarlıq rekordunu təkrarlayıb. Komandamız 4 il əvvəlki kimi 8 qol vurub. Lakin qarşıda 1 oyunu olan Lippertin yetirmələri bu rekordu yeniləyə də bilər.
Millimiz tarixində 4-cü dəfə dubl sevinci yaşayıb. İsrailliləri iki dəfə məyus edən Rəhman Hacıyevədək bunu yalnız 3 oyunçu bacarmışdı. Samir Əliyev AVRO-2002, Asif Məmmədov AVRO-2009, Tuğrul Erat isə elə cari seçmə mərhələdə dubl müəllifi olmuşdu.