Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsindəki rəqibi Bolqarıstan yığmasının planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Lüboslav Penevin yetirmələri mayda Avstriyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində sınağa çəkəcəyi komandalardan biri müəyyənləşib.
Millimizin rəqibi hazırlıq prosesində Kanada yığması ilə görüşəcək. Görüş mayın 23-də keçiriləcək. Qarşılaşmanın Avstriya paytaxtı Vyananın 80 km-liyində olan Rittsinq şəhərində baş tutacaq.
Qeyd edək ki, yığmamızın məşqçilərindən birinin həmin oyuna ezam olunması gözlənilir. Bolqarıstan yığması millimizin seçmə mərhələdə ilk rəqibi olması belə ehtimallara əsas verir. Berti Foqtsun yetirmələri bolqarıstanlıları sentyabrın 9-da Bakıda qəbul edəcək.