Azərbaycan millisinin rəqibi ABŞ yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, mayın 27-də komandamızı sınağa çəkəcək şimali amerikalılar az əvvəl başa çatan görüşdə Meksika ilə qarşılaşıblar.
Yurgen Klinsmannın yetirmələri Finiksdə keçirilən matçın ilk hissəsində 2 qol vursa da, üstünlüyünü qoruya bilməyib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Belə ki, 15-ci dəqiqədə Maykl Bredli, 28-ci dəqiqədə isə Kris Vondolovski meksikalıları məyus edib. Lakin meksikalılar fasilədən sonra bərabərliyə nail olublar. 49-cu dəqiqədə “Barselona”dakı çıxışları ilə tanınan Rafael Markes, 67-ci dəqiqədə isə Alan Pulido fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ yığmasında müşavir vəzifəsinə təyin olunub. Almaniyalının işi dünya çempionatının final mərhələsi zamanı rəqibləri izləmək olacaq.