Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Tiraspol”u (Moldova) 3:1 hesabı ilə məğlub edən “İnter” klubunun müdafiəçisi Yohan Bokonyanonun apasport.az saytına müsahibəsi.
- Erkən qol buraxmağınız nəyin nəticəsi idi?
- Hər şey Tiraspoldakı oyunla bağlıdı. Səfərdə qazandığımız qələbədən sonra oyuna köklənmək çətin idi. İlk matçda hesabda 3:0 öndə olduğumuz vaxt, arxayınlaşdıq. Nəticədə rəqib 2 top vurmaqla, fərqi minimuma endirdi. 3:2 hesabı arxayınlaşmağımızın nəticəsi idi. Bu dəfə erkən qol buraxmağımız isə ani hücum zamanı baş verdi. Yenə deyirəm, meydana çıxan vaxt konsentrasiya problemimiz var idi. Çünki birinci oyundakı qələbəni unuda bilməmişdik. Buna görə də birinci hissəyə köklənə bilmədik.
- Baş məşqçi Kaxaber Sxadadze fasilə zamanı komandaya baş çəkə bilmədi. Onun köməkçisi Zaur Svanadze oyunu dəyişmək üçün Sxadadzenin hansı tapşırıqlarını sizə çatdırdı?
- Əlbəttə, tapşırıqların faydası oldu. Nəticədə biz daha yaxşı oynadıq. Rəqib ikinci hissədə təzyiqimizə tab gətirə bilmədi. Gördülər ki, hücumlarımızı artırmışıq, qarşımızı kobudluqla kəsdilər. İstəsəydik, hesabı erkən də aça bilərdik. Ancaq gücümüzü qoruyurduq. Çünki mərhələni keçib, gələn həftə yenidən oynamalı idik. Həmin oyunu düşünərək, belə çıxış etdik.
- Necə düşünürsünüz, hakim təyin etdiyi hər iki penalti epizodunda haqlı idi?
- Hakimin qərarı müzakirə edilə bilməz. Təbii ki, rəqib oyuna nəzarətin tərəfimizə keçdiyini görüb, kobudluğa başladı. Bu da onlara baha başa gəldi. Nəticədə qapılarına iki penalti təyin edildi, iki futbolçusu isə meydandan qovuldu. Onlar dözə bilmədilər.
- Tiraspoldakı görüşdə Elvin Məmmədov işinin öhdəsindən əla gəlsə də, bu dəfə meydana çıxa bilmədi. Onun yoxluğu hiss olunurdumu?
- Elvin bizim üçün vacib oyunçulardan biridi. Onun yoxluğu hiss olunurdu. Yeri görünsə də, çalışırdıq ki, verilən tapşırıqları yerinə yetirməklə bunu hiss etdirməyək.
- Növbəti mərhələdə “Elfsborq”la qarşılaşacaqsınız. Rəqib haqda nə deyə bilərsiniz?
- Etiraf edim ki, İsveç klubu haqda ətraflı məlumata sahib deyiləm. Çünki ilk işimiz “Tiraspol”u mübarizədən kənarlaşdırmaq idi. Qarşıdakı günlərdə onlar haqda müəyyən informasiya toplamağa çalışacağıq. Ancaq bu dəqiqdir ki, “Elfsborq”la qarşılaşma “Tiraspol”la oyundan çətin keçəcək.
- Necə düşünürsünüz, “İnter”in hücum xəttinə yeni futbolçu lazımdırmı?
- Bu haqda baş məşqçi də deyib. Əgər o, belə düşünürsə, deməli, lazımdır. Ancaq biz Baçana Sxadadzeyə də güvənirik. Bu gün o, meydana daxil olduqdan sonra oyunumuzda dönüş yarandı.