İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 32 gün qalıb. Apasport.az saytı Braziliyanın yaşıl meydanlarında baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını Yaponiya ilə davam etdirir. Asiya təmsilçisi C qrupunda Kolumbiya, Yunanıstan və Fil Dişi Sahili ilə mübarizə aparacaq.
Asiyanın ən güclülərindən olan Yaponiya millisi üçün ən böyük uğur mundialın 1/8 final mərhələsidir. 2002-ci ildə doğma meydanda qrupdan çıxan yaponiyalılar son çempionatda da eyni nəticəni təkrarlamağa müvəffəq oldu.
İtaliyalı mütəxəssis Alberto Zakkeroninin baş məşqçisi olduğu Yaponiya millisi Braziliyaya vəsiqəni asanlıqla qazanıb. Gündoğar ölkə təmsilçisi seçmə mərhələdə inamla qrup qalibi olub. “Samuraylar” ən yaxın izləyicisi Avstraliyanı da 4 xal arxada qoyub.
Yaponiyalıların ən güclü tərəfi dəmir nizam-intizamın olmasıdır. Hər oyunda potensialının 100 faizindən istifadə edən futbolçuların mundialda da eyni canfəşanlığı edəcəyini əminliklə söyləmək olar. “Yuventus”, “İnter”, “Milan” kimi nəhəngləri çalışdırmış Zakkeroninin zəngin təcrübəsi də asiyalıların xeyrinə olan amildir. Mütəxəssis artıq indiki komandası ilə də iki turnirin – Asiya kuboku və Şərqi Asiya çempionatının qalibi olub.
Yaxşı Avropa səviyyəli ifaçılara malik “samuraylar”ın ən zəif yeri mərkəz müdafiəçisi mövqeyidir. Bu yerə namizədlərin hamısı yerli çempionatda çıxış edir. Yeganə “avropalı” mərkəz müdafiəçisi Yoşida isə “Sauthempton”un ehtiyat oyunçular skamyasının əbədi sakininə çevrilib. Bu problemlə yanaşı, aşkar liderin yoxluğu da yaponları pis vəziyyətdə qoya bilər. Vaxtilə Hidetoşi Nakata, Şunsuke Nakamuranın lider olduğu yığmada bunu üzərinə götürən hələlik yoxdur. Buna əsas namizəd olan Keysuke Honda isə komandanı arxasında apara bilmir.
Yaponiya millisində Honda yeganə ulduz deyil. “Mançester Yunayted”in futbolçusu Sindzi Kaqava, İtaliya “İnter”ində top qovan Yuto Naqatomo belə oyunçulardandır.
“Standard”ın üzvü olan Kavasima “samuraylar”ın əsa qapıçısıdır. Onun əvəzləyiciləri isə millidə 10-dan az matç keçirən, Yaponiya klubunda forma geyənlərdir. Müdafiənin mərkəzində Yoşida – Konno cütlüyünün oynaması daha realdır. Lakin İnohi və Moriqaşi də bu mövqedə peyda ola bilər. Uçida ilə Naqatomo müdafiənin cinahlarında yerini möhkəmlədib. Dayaq yarımmüdafiəçisi Xasebeyə Endo və Xosoqai rəqabət yaradır. Onun yanında Yamaquşu, önündə isə Honda yer alır. Kaqava ilə Kietake isə yarımmüdafiənin cinahlarından hücuma dəstək verməlidir. Tək hücumçuya güvənən Zakkeroni daha çox Okadzakiyə bel bağlayır. Lakin “Vitess”də çıxış edən Havenarı da unutmaq olmaz.
Qeyd edək ki, Yaponiya millisi mundialda ilk oyununu iyunun 14-də Fil Dişi Sahilinə qarşı keçirəcək. Asiyalılar ayın 19-da Yunanıstan, 24-də Kolumbiya ilə sınağa çıxacaq.