“Qəbələ”nin baş məşqçisi Yuri Syomin bildirib ki, Braziliyada keçiriləcək DÇ-də iştirak edəcək Rusiya yığmasının oyunlarına getmək fikrindədi. Apasport.az saytının xəbərinə görə, “radarlar”ın baş məşqçisi Rusiya yığmasının DÇ-2014-ün qrup mərhələsində iyunun 17, 22 və 26-da keçirəcəyi oyunlara baxmağı nəzərdə tutub: “Bu ölkəni çox ziyarət etmişəm və indi də ora getməyə hazırlaşıram. Artıq biz dostlarımızla oteldə nömrə tutmuşuq, biletlər almışıq və qrup mərhələsində bizimkiləri dəstəkləməyə gedəcəyik”, deyə Syomin “Rossiyskaya qazetaya” müsahibəsində bildirib.
Qeyd edək ki, bu müddətdə “Qəbələ” Avropa Liqasına hazırlıq prosesi keçməlidi. Azərbaycan Kubokunun finalında “Neftçi” üzərində qələbə təqdirində “radalar” Avropa Liqasının ikinci təsnifat mərhələsində oynayacaqlar ki, bu da 17-24 iyul tarixinə təsadüf edəcək. Finalda məğlubiyyət təqdirində isə “Qəbələ”ni birinci təsnifat mərhələsində mübarizə gözləyir (3-10 iyul).
Syominin Braziliyada ola-ola komandanı qitə turnirində debütə necə hazırlayacağı isə anlaşılmaz olaraq, qalır. Ancaq bəlkə də təcrübəli mütəxəssis yaxınlarda “Qəbələ”ni tərk edəcəyinə işarə vurub.
Xatırladaq ki, Syomin bir çox klubların, o cümlədən Moskva “Spartak”ının maraq dairəsindədi.