“Hər şeydən əvvəl “Lokomotiv”in oxşar təcrübəsi var. 2002-ci ildə qızıl medallar uğrunda əlavə matçda biz məhz MOİK-i məğlub etmişdik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Bu gün Rusiya Premyer Liqasında son turun oyunları keçiriləcək. Moskva derbisində MOİK-lə “Lokomotiv” üz-üzə gəlməklə çempionu müəyyənləşdirəcək. Rusiya mətbuatı 2002 və 2004-cü ildə “Lokomotiv”ə qızıl medallar qazandıran Yuri Syomindən müsahibə götürüb.
Syominin sözlərinə görə, rəqibindən 2 xal geri qalan “Lokomotiv”ın qızıl medalları uzun müddətdən sonra qazanmaq şansları mövcuddur: “Çox vacib əhəmiyyətə malik bir oyundur. “Hərbçilər” “Ximki Arena”nın meydançasına hələ son çempion kimi çıxacaq. Üstəlik, son illərdə onlar çox şeyə nail olub. “Dəmiryolçular” isə indi yüksək nailiyyətlərə acdır. İndi qızıl medalları qazanmaq üçün onların əllərinə real şans düşüb”.
“Qəbələ”nin baş məşqçisi atası azərbaycanlı olan Aleksandr Səmədovdan çox şey gözlədiyini bildirib: “Fikrimcə, “dəmiryolçular” heyətinə görə “hərbçilər”ə uduzmurlar. Onlarda meydanın mərkəzində usta olan Bussufa, Diarra, hücumda Ndoy, Maykon və əla formada olan Səmədov var. Yarımmüdafiədə gənc Ozdoyev çox xeyirli futbolçudur”.