Yuri Syomin: Hər şeyi onların üstünə atmaq olmaz
17.01.2014 - 16:39
Yuri Syomin: Hər şeyi onların üstünə atmaq olmaz

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin baş məşqçisi Yuri Syominin apasport.az saytına müsahibəsi
 

- Hazırlıqla bağlı fikrinizi bilmək istərdik.

- Hər şey nəzərdə tutulan şəkildə həyata keçirilir. Hazırlıqdan razı qalmışam. 11 gün davam edən hazırlıq mərhələsi çox ağır keçdi. Hər gün iki dəfə məşq edirdik. Qarşıdakı 2 gün ərzində futbolçulara istirahət verəcəm. Ondan sonra çalışmalarımızı yenidən davam etdirəcəyik.
 

- Amma “Konyaspor”la keçirilən oyunda məğlub oldunuz. Bunun səbəbini izah edə bilərsiniz?

- Düzdür, məğlub olduq, amma futbolçuların hər birindən razı qalmışam. Səhvlərimizlə yanaşı, müsbət məqamlar da yox deyildi. Üstəlik rəqib fiziki baxımdan çox güclü idi. Onlar Türkiyə Superliqasında çıxış edirlər.
 

- Mövsümün arxada qalan hissəsi göstərdi ki, “Qəbələ”nin müdafiə xətti zəif təsir bağışlayır. Bu problemi, boşluğu aradan qaldırmaq üçün hansı işləri görürsünüz?

- Razıyam, hər kəsin dediyi kimi, müdafiəçiyə ehtiyacımız var. Biz də fasilədən istifadə edib arxa xətti gücləndirməyə çalışırq. Bu gün Davron adlı müdafiəçi baxışdadır. Ondan başqa, braziliyalı Rafael Santosla müqavilə imzalamışıq.
 

- Bəs zədə üzündən kənarda qalan varmı?

- Bu gün ən böyük itkimiz Ebesilionun yoxluğudur. O, zədə üzündən məşqlərə qatılmır və yoxlama oyunlarında iştirak etmir. Oyun zamanı o, son ötürməni verməklə vacib işlər görür.
 

- “Konyaspor”la oyunda 4 qol buraxmağınız müdafiənin səvlərindən baş verdi?

- Hər şeyi ancaq müdafiəçilərin üstünə atmaq olmaz. Bu komandanın bütün üzvlərinin düzgün müdafiə olunmamasının nəticəsidir.
 

- İlk oyunda 2 fərqli heyətə şans verdiniz. Lakin bu dəfə 3 əvəzetməyə əl atdınız. Niyə?

- Çünki birinci oyunda futbolçular məzuniyyətdən yeni gəlmişdilər. Onlar hazır olmadıqlarına görə, 90 dəqiqə oynamaq gücündə deyildilər. Məşqlər davam etdiksə, onlar formalarını bərpa edilər. Nəticədə bütün futbolçuları tam oyun boyu meydanda saxlamaq mümkün olur.