“Qarşımıza 2 vəzifə qoyulub. Birincisi, avrokuboklara vəsiqə qazanmaqdır. Bura çempion titulunu əldə etmək də daxildir. Bu, əsas vəzifədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiya mətbuatına müsahibə verən təcrübəli mütəxəssis bildirib ki, komandadan təkcə nəticə deyil, azarkeşləri stadiona cəlb edəcək məzmunlu oyun da tələb olunur: “Digər vəzifəmiz isə oyunlarımıza daha çox azarkeş toplamaqdır. Tamaşaçılara bizim qarşılaşmaları izləmək maraqlı olmalıdır”.
Syomin vəzifələrin öhdəsindən gəlmək üçün yaradılan şəraitdən də razıdır: “Komandanın uğur qazanması üçün hər cür şərait yaradılıb. Heç bir problemimiz yoxdur. Müxtəlif vaxtlarda məşq edə biləcəyimiz 6 meydança var. Yeganə bir az üzücü məqam isə bizim aradan qaldırmalı olduğumuz məsələ - azarkeşlərin oyunlara az gəlməsidir. Bəzi matçlar çox yüksək səviyyədə keçir. Hətta Türkiyədən pis olmur. Amma yenə tamaşaçı sayı çox aşağıdır. “Qəbələ”nin infrastrukturuna istənilən klub həsəd apara bilər. Əla futbol məktəbimiz var. Klub forması geyən uşaqlar üçün hər şərait yaradılıb. Qəbələnin özü də gözəl yerdədir. Təmiz dağ havası, möhtəşəm otelləri, sakit ab-havası var”.
Rusiya yığmasının sabiq futbolçusu Marat İzmaylovun “Porto”dan icarəyə götürülməsinə də toxunan mütəxəssis onun bu həftə “Qarabağ”la ev oyununda meydana çıxmalı olduğunu da qeyd edib: “Marat İzmaylov indi gözəl durumdadır. Yarımmüdafiəçi artıq fevralın 8-də komandamızda debüt etməlidir. Ona heç bir iradım yoxdur. Marat “Porto” kimi klubda oynayıb. Düzdür, son vaxtlar az matça çıxıb. Lakin “Porto” Avropanın ən yaxşı klublarından biridir və orada pis oyunçu olmur. Əgər bizə oyunları aparmaqda kömək etsə, bu, əla olacaq”.
Syomin Azərbaycan futbolunun inkişafından da danışıb: “Azərbaycan klubları hələ inkişaf etməkdədir. Lakin onlar düzgün yoldadırlar. Bir çox klublarda - “Neftçi”, “İnter” və “Bakı”da əla infrastruktur və uşaqlara diqqət var. Düşünürəm ki, Azərbaycan çempionatı hələ inkişaf edəcək”.