“Xəzər Lənkəran” klubunun sabiq kapitanı Zaur Ramazanovun apasport.az saytına müsahibəsi
- Bazar günü Topaz Premyer Liqasının XX turu çərçivəsində “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edəcək. Oyunu izləmək üçün Lənkərana gedəcəksiniz?
- Xeyr, işlərim var. Televiziya vasitəsilə baxacağam.
- Məsələ ondadır ki, “Böyük oyun” televiziya vasitəsi ilə yayımlanmayacaq...
- Doğurdan göstərməyəcəklər?
- Yox, lakin “Xəzər Lənkəran”ın rəsmi saytından izləyə bilərsiniz...
- Demək belə. Onda saytda baxaram.
- Adətən “Böyük oyun”larda favorit olmur. Ancaq hazırda komandalar turnir cədvəlində fərqli mövqelərdə qərarlaşıblar. Sizcə, kim daha şanslıdır?
- Proqnoz vermək çətindir. Qış fasiləsindən sonra çempionat yenicə sürət yığır. Qeyd etdiyiniz kimi, bu cür prinsipial matçlarda favorit olmur. “Xəzər Lənkəran”a azarkeşlik edəcəyəm. Ona görə də, üstünlüyü sabiq komandama verirəm. Onlar daha şanslıdırlar. Bizim vaxtımızda bu sualı mənə versəydiniz, deyərdim ki, 100 faiz udacağıq. Həmişə demişəm, o dövrlərdə “Neftçi” Lənkərana gələndə, hələ yolda uduzurdu. Matça çıxanda 0:1 hesabı ilə geridə olurdular. Yəni, psixoloji üstünlüyümüz bu qədər böyük idi.
- Həmin “Xəzər Lənkəran”la indiki komanda arasında nə kimi fərqlər var?
- Bizim “Xəzər Lənkəran”la bugünkü komanda arasında yerlə göy qədər fərq var. Kimdən soruşsanız, belə deyəcək. Bilirsiniz, o dövrdə komandanın özəyini təcrübəli yerli oyunçular təşkil edirdi. Belə deyək də, komandada ağsaqqallar vardı. Yeni gələn legionerlər də bizə baxıb, daha yaxşı oynayırdılar. Gözümüz üstlərində idi, yeri gələndə qulaqburması, yeri gələndə dəstək verirdik. Komanda ruhu vardı. Ancaq indi yerli futbolçular gəncdir, oyunu öz üzərilərinə götürməkdə çətinlik çəkirlər. Kimisi legionerə söz deyə bilmir, kimisi deyir, axıracan gedə bilmir. Belə xırda nüanslar çoxdur. Heç kim heç kimin kitabın oxumur, birlik yoxdur. Uğur qazanmaq üçün mehriban kollektiv olmalıdır.
- “Xəzər Lənkəran”da sizin yolunuzu kiçik qardaşınız Ağabala davam etdirir. Onunla qarşıdakı oyun barədə danışmısınız?
- Oyunun mahiyyətini özü də başa düşür, çox üstünə getmək istəmirəm. Onsuz da tez-tez danışırıq, təcrübəmi onunla bölüşürəm. Hər halda, o da mənim kimi hücumçudur.
- Məşqçilər qardaşınızın inkişaf tempindən razıdır. Bəs siz?
- Bilirsiniz necədir, məşqçilər çox vaxt öz kreslolarını düşünürlər. Əksəriyyəti legionerlərə və ya daha təcrübəli oyunçulara güvənirlər. Gənclərə çox az adam şans verir, çünki risk məsələsidir. Mustafa Dənizli komandada yenidir. Görək necə olacaq.
- Ağabalanın sizdən önəmli bir üstünlüyü var. O, aşağı yaş qrupları üzrə bütün milli komandalarda çıxış edib, indi isə növbədə əsas komandadır. Siz isə yığmada cəmi 15 oyun keçirmisiniz və qol vura bilməmisiniz...
- Mənimki prinsip məsələsi idi. Həmin dövrdə millinin baş məşqçisi Şahin Diniyev bir neçə oyunçu ilə prinsip aparırdı. Onlardan da biri mən idim. Çempionatda 21 top vurmuşdum, çıxıb utanmaz-utanmaz deyirdi ki, bizim hücumçu problemimiz var. Sual verəndə ki, Zauru niyə çağırmırsınız, “qapımız hər zaman onun üzünə açıqdır” söyləyirdi. Lakin heyət açıqlananda adım siyahıda olmurdu. İnşallah, Ağabala mənim aqibətimi yaşamaz, klubla bərabər yığmada da sözün deyər.