İtaliyanın “Milan” futbol klubunun baş məşqçisi Klarens Zeedorf Çempionlar Liqasında “Atletiko” ilə qarşılaşmada hələ hər şeyin bitmədiyini bildirib. Apasport.az saytının məlumatına görə, Zeedorf bu barədə martın 11-də keçiriləcək cavab görüşünə həsr olunan mətbuat konfransında bəyan edib.
Zeedorf deyib ki, onlar mütləq qol vurmalıdırlar: “Birinci oyunda şansımızın necə olduğunu gördük. Hesabdakı fərq çox kiçikdir. Qarşılaşmada hələ heç nə aydın deyil. Çempionlar Liqası kimi əhəmiyyətli Avropa turnirinin birinci görüşündə məğlub olanda, yenidən həmin komandaya qarşı meydana çıxmaq imkanının olması çox gözəldir. Biz yenidən tarixə düşə bilərik. Belə bir stadionun meydanına çıxmaq hər zaman ruhlandırır. Stadiondakı ab-havadan narahat olmağa dəyməz. Biz həmişə belə oyunlara hazırıq”.
Xatırladaq Ki, Milanda baş tutan birinci görüşdə “Atletiko” 0:1 hesabı ilə qalib gəlib.