Zidan Poqbaya onun kimi hərəkət etməyi məsləhət gördü
05.06.2015 - 18:41
Zidan Poqbaya onun kimi hərəkət etməyi məsləhət gördü

Fransa yığmasının, eyni zamanda, “Yuventus” və “Real”ın keçmiş futbolçusu Zinəddin Zidan gənc həmyerlisi və sələfi hesab olunan Pol Poqba haqqında fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Monte-Karlo” radiosunda çıxışı zamanı Poqbanın olduqca istedadlı və bacarıqlı futbolçu olduğunu deyən Zidan, fransız yarımmüdafiəçinin gənc yaşına baxmayaraq “Yuventus”un son illərdəki uğurlarında müstəsna xidmətləri olduğunu deyib.

 

Sürətlə inkişaf edən futbolçunun “Yuventus”da özünü yaxşı hiss etdiyini, ancaq əgər “qoca sinyora”nı tərk edəcəksə, birbaşa “Real”a gəlməli olduğunu deyən  ötənlərin məşhur futbolçusu digər klubların da onunla maraqlandığına işarə edib:

 

“Mən bilmirən o, nəhayət harda qərar tutacaq, ancaq mən ona məsləhət görərdim ki, əgər “Yuventus”dan ayrılmaq qərarına gəlibsə, “Çelsi”, “Mançester Yunayted”, PSJ, “Mançester Siti” kimi klublardansa “Real”a üz tutsun. O, elə bir futbolçudu ki, istədiyi komandada əla oyun göstərə bilər”.

 

Xatırladaq ki, Zinəddin Zidan 1996-2001-ci illər ərzində "Yuventus"da çıxış etmiş, daha sonra isə “kral klubu”na keçərək 2006-cı ilə kimi də “Real” forması geyinmişdi.