[b]Yığma məğlubiyyətləri sıralayır, baş məşqçidə müsbət rəy yaranır[/b]
05.07.2018 - 15:10
[b]Yığma məğlubiyyətləri sıralayır, baş məşqçidə müsbət rəy yaranır[/b]

“Bu təlim-məşq toplanışı məndə müsbət rəy yaratdı. Əsasən texniki-taktiki çalışmalara üstünlük verdik, 3 yoxlama matçı keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov deyib.

 

AFFA-nın rəsmi saytına açıqlama verən çalışdırıcı bildirib ki, Bakıda keçirilən təlim-məşq toplanışında məğlubiyyətləri sıralayan yetirmələrindən razı qalıb: “Futbolçuların güclü komandalarla qarşılaşmada necə təsir bağışladığını görmək üçün rəqib qismində yaşca daha böyük kollektivləri seçdik. U-17 milli komandamızla yanaşı, 4-5 yaş böyük futbolçulardan qurulmuş “Keşlə” və “Sabah”ın əvəzedici heyəti ilə qarşılaşdıq. Hər üç oyunda məğlub olmağımıza baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Müsbət keyfiyyətlərlə yanaşı mənfiləri də gördük. Təlim-məşq toplanışlarının sayını artırmağa çalışacağıq. Çünki bu uşaqlarla nə qədər çox bir yerdə olsaq, onlardan nə istədiyimizi daha çox anlayacaqlar”.

 

Qeyd edək ki, Məmmədovun yetirmələri U-17-yə 0:2, “Keşlə”yə 0:1, “Sabah”a 0:5 hesabı ilə uduzub.