“Yuventus”un hücumçusu Mario Mandzukiç Türkiyəyə köçə bilər. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, “Fənərbaxça” ulduz futbolçunun xidmətində maraqlıdı.
“Real”dan Kriştianu Ronaldonu transfer etməyə çalışan “Yuve” bu arzusunu reallaşdıracağı təqdirdə, Xorvatiya millisinin üzvü ilə yollarını ayıracaq. Bundan yararlanan İstanbul nəhəngi vaxt itirmədən qarşı tərəflə danışıqlara başlayıb. “Sarı-lacivərdlilər”in yeni idman direktoru Damien Komolli hazırda Mandzukiçin icarə variantını italyanlarla müzakirə edir. “Qoca sinyora” gələn il transfer etmək şərti ilə icarəyə götürmək təklifini müsbət cavablandırsa, türklər 32 yaşlı oyunçunun meneceri ilə təmasa keçəcək. Superliqa təmsilçisi futbolçuya “Yuventus”da qazandığı maaşı təklif edəcək. Bu keçidin reallaşması isə Kriştianu Ronaldodan asılıdı.
Qeyd edək ki, Mario Mandzukiç “Yuventus”a 2015-ci ildə “Atletiko”dan keçib.