[b]“Bakıya ən yaxşı formada yollanmalıyıq” – Maykl Onil[/b]
27.03.2017 - 13:49
[b]“Bakıya ən yaxşı formada yollanmalıyıq” – Maykl Onil[/b]

“Oyundan-oyuna bizdə hər şey əla alınır. Norveçlə matçı yüksək səviyyədə keçirdik və layiqli qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Norveç üzərində 2:0 hesablı qələbə qazanan britaniyalılar xallarının sayını 10-a çatdırıblar və 2-ci pillədəki mövqelərini bir qədər möhkəmlədiblər.

 

Şimali İrlandiya qrupda növbəti görüşünü iyunun 10-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək. Onil yerli mətbuata açıqlamasında daha bir qələbə ilə yığmamızı ikincilik uğrunda yarışdan uzaqlaşdırmaq niyyətində olduqlarını söyləyib: “Norveç üzərində qalibiyyət sayəsində onlardan xeyli uzaqlaşdıq. Turnir cədvəlinə nəzər yetirdikdə hazırda əla vəziyyətdə olduğumuzu deyə bilərəm. Əsas rəqiblərimiz sayılan Azərbaycan, Norveç və Çexiyadan 7 xal almışıq. Qarşıda bizi daha bir çətin oyun gözləyir. Azərbaycanı səfərdə məğlub edə bilsək, onlardan da 6 xal uzaqlaşmış olacağıq. Bunu bacarsaq, Çexiya və Almaniya ilə ağır rəqabətə girəcəyik. Bakıdakı qarşılaşma çox çətin olacaq. Təbii ki, ora ən yaxşı formada yollanmalıyıq”.

 

Qeyd edək ki, Şimali İrlandiya IV tur çərçivəsində Belfastda keçirilən matçda yığmamızı 4:0 hesabı ilə məğlub edib.

0