[b]“O, futboldan kənarda da bizim qayğımıza qalır” – Dieqo Souza[/b]
21.02.2018 - 16:04
[b]“O, futboldan kənarda da bizim qayğımıza qalır” – Dieqo Souza[/b]

“Hava soyuq və yağışlı olsa da, meydanda gərgin mübarizə getdi. Düşünürəm ki, azarkeşlər yaxşı oyun izlədilər”. Bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Dieqo Souza deyib.

 

Braziliyalı futbolçu klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın XVI turunda “Keşlə” (0:1) ilə keçirilən matçı dəyərləndirib. O, məğlubiyyətin səbəbini qol vəziyyətlərini qaçırmalarında görüb: “Hər iki tərəf meydana lazım olan nəticə qazanmaq üçün çıxmışdı. Yaradıcı futbola üstünlük verməklə həm yaxşı oyun nümayiş etdirmək, həm də qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Rəqib fərqlənəndən sonra oyun dəyişdi. Məğlubiyyətdən qaçmağa çalışdıq. Qol vurmaq üçün bizim imkanlarımız daha çox oldu. Şansları boşa verdik. Futbolun acı tərəfi sənin 3-4 real qol epizodundan yararlana bilməməyinin qarşılığında rəqibin 1 vəziyyətdən düzgün istifadə etməsidi. Bu, futbolun yazılmayan qanunudu. Fərqlənmək üçün əlimizdən gələni etdik. Son nəticədə bəxtimiz gətirmədi. Komanda uğur qazanmırsa, yaxşı oyun göstərməyin mənası da olmur. Futbol nəticə oyunudu”.

 

Souza komandanın hazırkı durumunun azarkeşlər kimi, onları da narahat etdiyini söyləyib: “İnanın ki, bu vəziyyət biz futbolçuları da məyus edir. İstər “Neftçi”, istərsə də “Keşlə” ilə görüşdə pis çıxış etmədik. Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur və bu amil nəticəyə təsir edir. Səylə məşq edirik, hazırlaşırıq. Məşqçilər də çatışmayan cəhətlərimiz üzərində bizi məşq etdirirlər”.

 

30 yaşlı oyunçu öz oyunu haqda da danışıb. O, komandanın bir parçası kimi uğura kökləndiyini vurğulayıb: “Yarımmüdafiəçi mövqeyində çıxış etdiyimdən həm hücumların qurulmasında, həm də müdafiə olunmaqda komanda yoldaşlarıma kömək oluram. Meydanda bütün bacarığmı ortaya qoymaqla forma geyindiyim hər iki matçda maksimum şəkildə özümü göstərməyə çalışmışam. Nəticə müsbət olmayanda, kiminsə oyununu xüsusilə fərqləndirmək çətindi. Məğlubiyyəti yaşamaq ağırdı”.

 

“Kəpəz”ə gələnə qədər ölkəmizdə bir neçə klubun formasını geyinmiş yarımmüdafiəçi baş məşqçi Yunis Hüseynovun yaxından tanıdığı simadı. Belə ki, Souza vaxtilə “Xəzər Lənkəran”da onun rəhbərliyi altında oynayıb: “Yunis müəllim işinin peşəkarıdı, böyük xarakterə malik əla məşqçidi. O, həmişə bizi yaxşı motivasiya edir. Yalnız meydançada yox, futboldan kənarda da oyunçuların qayğısına qalır”.

0