[b]“Olimpiya”nın prezidenti İngiltərədə klub alır: “Qarabağ”la oyundan sonra[/b]
16.07.2018 - 10:38
[b]“Olimpiya”nın prezidenti İngiltərədə klub alır: “Qarabağ”la oyundan sonra[/b]

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nın prezidenti Milan Mandariç yenidən İngiltərədə klub ala bilər. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 80 yaşlı biznesmenin adı “Aston Villa” ilə birgə hallanır.

 

Premyer Liqaya vəsiqə qazana bilməyən “Aston Villa” ciddi maliyyə problemi ilə üzləşib. Birmingemlilər əvvəllər İngiltərədə bir neçə kluba rəhbərlik etmiş Mandariçə xilaskar gözü ilə baxırlar. Lakin o, bu məsələyə konkret cavab verməyib.

 

Mandariç “Olimpiya”nın Çempionlar Liqasında “Qarabağ”la keçirəcəyi cavab görüşündən sonra bunun reallaşacağını istisna etməyib: “Aston Villa” tarixi klubdu. Amma bu barədə hansısa addım atdığımı deyə bilmərəm. Məni yaxşı tanıyan bir qrup insan var. Onlar bilirlər ki, əgər bu klubun irəliləməsinə töhfə verə bilərəmsə, bunu edəcəm. Məsləhət üçün mənə müraciət ediblər. Lakin səhmləri almaq barədə danışıq olmayıb. Mənim Sloveniyada bir klubum var. “Olimpiya” ölkə çempionatında ciddi rəqabət aparırsa, Çempionlar Liqasında da çıxış edir. İndi yalnız Çempionlar Liqasındakı cavab oyununu gözləyirik. İlk növbədə burdakı vəzifəmi yerinə yetirməliyəm. Sonra digər layihələrə baxmaq olar”.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Sloveniyadakı ilk qarşılaşmada Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

0