[b]Riçard Almeyda: Dino yaxşı futbolçudu, amma...[/b]
18.02.2018 - 20:47
[b]Riçard Almeyda: Dino yaxşı futbolçudu, amma...[/b]

"Qarabağ"ın futbolçusu Riçard Almeyda ölkə çempionatının XVI turunda "Səbail"lə keçirilən matçdan sonra (1:0) jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə yığmamızın üzvü maraqlı fikirlər səsləndirib.

 

- Əvvəlcə oyun haqda danışardınız...

- Bilirdik ki, "Səbail"lə matç çətin keçəcək. Çünki süni örtüklü meydanda oynayırdıq. Buna baxmayaraq, lazım olan 3 xalı qazandıq. Bir daha göründü ki, çempionatda asan matç yoxdu. Növbəti oyunumuzu evdə "Kəpəz"ə qarşı keçirəcəyik. Həmin görüşdə də qələbəyə ümid edirik.

 

- "Səbail"ə qarşı oyununuz alınmır. Bugünkü matçda çətinliklə üzləşməyiniz hava şəraiti ilə bağlıdı, yoxsa meydan amili?

- Bizimlə matçda bütün komandalar fərqli oyun göstərirlər. Bundan əvvəlki görüşdə, yəni "Qəbələ" ilə qarşılaşmada yaxşı təsir bağışlamışdıq. Amma bəzən yaxşı oynasaq belə, qalib gəlmək alınmır. 

 

- "Qarabağ" Dino Ndlovunun gedişindən sonra son nöqtəni qoymaqda çətinlik çəkir. Bununla razısızmı?

- Dino yaxşı futbolçudu. Amma razılaşaq ki, onun da qol imkanlarını boşa verdiyi anlar olurdu. Mahir cavandı, dəstək olmalıyıq. Bu gün fərqləndi, ancaq daha çox qol vura bilərdi. Ronaldo kimi böyük futbolçular da qol şansını qaçırdır.

 

- "Qəbələ" ilə matçda daha çox çətinliklə üzləşdiniz, yoxsa bu gün?

- Hansısa görüşdə əziyyət çəkdiyimizi deməzdim. Sadəcə, istədiklərimizi göstərməyə çalışırıq. Əsas odu ki, nəticəyə nail oluruq. 

 

- "Qarabağ"a böyük ümidlərlə gətirilən Ramil Şeydayev gününü ehtiyat oyunçular skamyasında keçirir. O, oynamağa layiq deyil?

- Ramil gələndən üzərində çalışır. Məşq etməyi sevən futbolçudu. Amma kimin oynamalı olması ilə bağlı qərarı baş məşqçi verir.

0