25 May 15:14  “Serbiya futbolu Azərbaycandan güclü deyil” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 25 May 15:14
4241 baxış

“Serbiya futbolu Azərbaycandan güclü deyil” - MÜSAHİBƏ

“Keşlə”nin serbiyalı futbolçusu Nemanya Stoyanoviçin apasport.az saytına müsahibəsi

 

- Geridə qalan mövsümü “Keşlə” üçün necə dəyərləndirərdiniz?

- Əslində, bu cür sonluğa görə xoşbəxt ola bilərik. Çünki mövsümün ilk yarısında komanda cəmi 8 xal toplamışdı. İndi isə mövsümü 31 xalla başa vurduq və Azərbaycan kubokunun finalına yüksəldik. Məncə, uğurlu saymaq olar.

 

- Komanda sizin gəlişinizdən sonra daha yaxşı nəticələr göstərdi. Mövsümün əvvəlindən bu heyət olsaydı, ilk “4-lük” uğrunda mübarizə apara bilərdinizmi?

- Əlbəttə. Çox yaxşı kollektivimiz var. Əgər mövsümə bu heyətlə başlasaydıq, əminəm ki, indi turnir cədvəlində ilk “4-lük”də qərarlaşan komandalardan biri olardıq.

 

- “Keşlə”dəki ilk 5 ayı özünüz üçün necə sayırsınız?

- Yüksək səviyyəli oyunlar keçirdik və yaxşı nəticələr qazandıq. Xoşbəxtəm ki, bunu bacardıq və mən də bu kollektivin bir parçası oldum. Ancaq bununla kifayətlənməməliyik. Bilirik ki, mövsümü kubokla başa vurmaq şansımız hələ də var. Bu üzdən Azərbaycan kubokunun final görüşünə yaxşı hazırlaşırıq.

 

- İlk vaxtlar heyətə düşə bilmirdiniz. Hətta komandadan göndəriləcəyiniz deyilirdi. Getdikcə əsas heyətdə möhkəmlənməyinizin səbəbi nə oldu?

- Doğrudu, qış fasiləsindən sonrakı ilk turlarda əsas heyətdə meydana çıxmırdım. Açığı, bunun səbəbini də bilmirəm. Lakin təslim olmadım. Şans əldə edəcəyimi bilirdim və bundan maksimum yararlanmaq üçün var gücümlə çalışırdım. Öz zamanımı gözləyirdim. Hesab edirəm ki, özümü inkişaf etdirməyə nail olmuşam.

 

- Uğurlu çıxışınızda baş məşqçi Yuri Maksimovun rolu böyükdü. Onun üstünlüyü nədədi?

- Baş məşqçiyə də ən yaxşı heyəti formalaşdırmaq üçün vaxt lazım idi. Necə ki, futbolçuların uyğunlaşması müəyyən zaman tələb edir. Ümumiyyətlə, futbolda vaxt böyük rol oynayır. Artıq futbolçular meydanda bir-birilərini daha yaxşı başa düşürlər, baş məşqçi də hamımızı tanıyır. O, kimin komanda üçün nə edəcəyini gözəl bilir. Hər kəs işini yüksək səviyyədə görəndə, yaxşı nəticələri asanlıqla əldə edirik.

 

- Qısa müddətdə Azərbaycan və futbolumuz barədə sizdə hansı təəssüratlar yarandı?

- Azərbaycan çox gözəl ölkədi. Bakı isə sadəcə, mükəmməldi. Burdakı insanlar çox mehriban və istiqanlıdılar. Futbolunuz isə gördüyüm qədərilə ildən-ilə inkişaf edir. Ümid edirəm ki, vaxt keçdikcə Azərbaycan futbolu daha da güclü olacaq.

 

- Futbolumuzla bağlı sizi ən çox nə təəccübləndirdi: səviyyənin aşağı olması, azarkeşsiz oyunlar?..

- Azərbaycan futbolunda səviyyənin aşağı olması fikri ilə razı deyiləm. Məsələn, Azərbaycanla müqayisədə bir çox böyük ölkələrin komandaları bu mövsüm Çempionlar Liqasında qrupa düşə bilmədi. Ancaq oyunların azarkeşsiz keçirilməsini qeyd edə bilərəm. Axı futbol azarkeş üçün oynanılır. Ancaq indiyə qədər burdakı oyunlarda çox azarkeş görməmişəm. Futbolun baxımlı görünməsi üçün yaxşı atmosferə ehtiyac var. Qarşıdakı illərdə bu baxımdan vəziyyətin ürəkaçan olacağına ümid edirəm.

 

- Serbiya və Avstriyada da olmusunuz. Azərbaycan futbolunun onlardan fərqi nədi?

- Serbiya futbolu Azərbaycandan güclü deyil. Orda infrastruktur və maliyyə ilə bağlı ciddi problemlər var. Bu iki önəmli problem həll olunmadan futbol inkişaf edə bilməz. Ancaq Avstriya futbolu daha yaxşıdı. Təşkilati baxımdan əla ölkədi, yüksək səviyyədə futbolu var, infrastrukturu, maliyyəsi yaxşıdı. Almaniyadakı kimi, orda da sistemlə çalışmaq çox önəmlidi.

 

- Qarşıdan Azərbaycan kubokunun finalı gəlir. Mayın 28-dəki matçla bağlı düşüncələriniz nələrdi?

- Final qarşılaşmasını səbirsizliklə gözləyirəm. Çünki bu, karyeramın ən vacib oyunu olacaq. Qalib gəlmək, kuboku qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Finişə qalib kimi çatmaq istəyirik.

 

- Final görüşünün Qəbələdə keçirilməsi “Qəbələ”yə üstünlük verirmi?

- Özümüzə bəhanə axtarmaq istəmirik. Oyunun hansı şəhərdə keçirilməsinin bir önəmi yoxdu. Hədəfimiz sadəcə, Bakıya kubokla qayıtmaqdı.

 

- “Keşlə” ilə icarə müddətiniz başa çatır. Müqavilə ilə məxsus olduğunuz Avstriya “Qarabağ”ına qayıdacaqsınız?

- Səmimi cavab verəcəm, bilmirəm. Ümumiyyətlə, bu barədə düşünmürəm. Yalnız kubokun finalına köklənmişəm. Final oyunundan sonra menecerimlə və klubumla görüşəcəyəm. Ondan sonra hansı variantın mənim üçün doğru olacağına qərar verəcəm. Amma indi kubokdan başqa heç nə fikirləşmirəm.

 

- Bəs “Keşlə”dən yeni müqavilə təklifi almısınızmı?

- Dediyim kimi, final görüşündən sonra menecerimlə görüşərək, gələn mövsümlə bağlı bir qərar qəbul edəcəm. “Keşlə”, Vyana “Qarabağ”ı və ya 3-cü bir klub ola bilər. Tezliklə görəcəyik. Amma əvvəlcə kuboku qazanmağa köklənmişəm.

 

Ruslan SADIQOV

Xəbər lenti