[b]Yuri Syomin: Ruslan Abışov “Rubin”də rəqabətə tab gətirə bilmədi [/b]
23.01.2015 - 21:25
[b]Yuri Syomin: Ruslan Abışov “Rubin”də rəqabətə tab gətirə bilmədi [/b]

“Azərbaycanla bağlı xoş xatirələrim var. Orda hər kəs mənə qarşı mehriban idi. Azərbaycanda özümə çox dost qazandım. Xüsusən də, Qəbələdə gözəl insanlarla qarşılaşdım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin deyib.  

 

Hazırda Rusiya komandası “Mordoviya”nı çalışdıran təcrübəli mütəxəssis “Qəbələ”nin “Kuban”la keçirdiyi yoxlama görüşünü tribunadan canlı izləyənlər arasında olub.

 

Syomin əməkdaşımızla söhbətdə “Qəbələ”dəki xoş günlərindən və bu komandanı tərk etmə səbəbindən danışıb: “Qəbələ” Akademiyasında olan meydançalar çox gözəldi. Bu baxımdan bu klub Avropada qabaqcıl yerlərdən birini tutur. Orda hər şey məni qane edirdi. Yəni ayrılmağımın səbəbi heç də uğursuz nəticə və ya hansısa anlaşılmazlıq deyildi. Sadəcə, başqa planlarım var idi. Düşünürdüm ki, burdan ayrılıb bir müddət istirahət edərəm və Braziliyadakı dünya çempionatını izləyərəm. Ancaq sonradan “Mordoviya”dan təklif gəldi və anlaşdıq”.  

 

Syomin Azərbaycan klubları arasında “Qarabağ”ın adını xüsusi vurğulayıb və bu komandanın futbolçularını tərifləyib: “Qarabağ”ın legionerlər və yerlilərin vəhdətindən qurulmuş möhkəm komandası var. Fikrimcə, onların futbolçuları həm Rusiyada, həm də Avropanın qabaqcıl futbol ölkələrində oynaya bilərlər. Avropa Liqasındakı yüksək səviyyədə çıxış da buna sübutdu. Sadəcə, kobud hakim səhvi onların yolunu kəsdi. Əks təqdirdə “Qarabağ” hazırda Avropa arenasında mübarizəni davam etdirirdi”.  

 

68 yaşlı çalışdırıcı son olaraq “Qəbələ”nin yenidən icarəyə götürdüyü Ruslan Abışovun müqavilə ilə məxsus olduğu “Rubin”də  möhkəmlənə bilməməsinə də toxunub: “Əvvəla həmin vaxt “Rubin” çox  güclü idi. Komanda həm Premyer Liqada çempionluğa oynayırdı, həm də avrokuboklarda  uğurla çıxış edirdi. Əcnəbi futbolçuları da çox idi. Ruslan da əcnəbi sayıldığından, heyədə düşmək şansı çox az idi. Görünür, orda rəqabətə tab gətirə bilməyib”.  

 

Ruslan SADIQOV / Antalya

0