[b]“Rəhbərlik bütün borcların ödəniləcəyinə söz verdi”[/b] - MÜSAHİBƏ
25.04.2015 - 12:22
[b]“Rəhbərlik bütün borcların ödəniləcəyinə söz verdi”[/b] - MÜSAHİBƏ

Bakının “İnter” klubunun müdafiəçisi Matiya Şpiçiçin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXI turu çərçivəsində bu gün AZAL-ı qəbul edəcəksiz. Hansı nəticəyə ümid edirsiz?

- “İnter” meydana həmişə qələbə üçün çıxır. Yenə elə olacaq. Çempionatdakı əsas rəqiblərimiz – “Qarabağ” və “Neftçi” bu tur bir-birləri ilə qarşılaşacaqlar. Biz də bundan istifadə edib, mütləq qələbə qazanmalıyıq.

 

- Son vaxtlar əsas heyətdə az-az gözə dəyirsiz. Bunun səbəbini nə ilə izah edərdiz?

- Düzü, əsas heyətə az düşməyimin səbəbini özüm də bilmirəm. Məşqlərdə bütün gücümü qoyuram. Təbii ki, kimi oynadacağını baş məşqçi müəyyənləşdirir. Görünür, onun seçimi belədi.

 

- “İnter”də son iki ayın maaşlarının verilmədiyi haqda xəbərlər yayılıb. Hazırkı vəziyyətlə bağlı nə deyə bilərsiz?

- Panikaya gərək yoxdu. Rəhbərlik söz verdi ki, bütün borclar yaxın müddətdə ödəniləcək. Odu ki, narahat olmağa dəyməz.

 

- Kaxaber Sxadadzenin mövsümün sonunda “İnter”dən ayrılmasından sonra əksər futbolçuların komandanı tərk edəcəyi gözlənilir. Siz karyeranızı harada davam etdirəcəyinizi müəyyənləşdirmisizmi?

- Mən “İnter”də xoşbəxtəm. Növbəti mövsümdə də hazırkı komandamda olmaq istəyirəm. Fikrimcə, rəhbərlik buna qarşı çıxmaz.

 

- Başqa klublardan necə, təklif almısızmı?

- Açığı, bir neçə variant var. Amma bu məsələ ilə agentim maraqlanır.

 

- Bir müddətdi Azərbaycan çempionatında çıxış edirsiz. Əvvəlki mövsümlə müqayisədə çempionatın səviyyəsində geriləmə olduğunu qəbul edirsizmi?

- Əminliklə deyə bilərəm ki, doğru fikirdi. Ötən mövsüm çempionatda daha gərgin mübarizə gedirdi. Təkcə onu demək bəs edər ki, “Bakı” və “Xəzər Lənkəran” komandaları indikindən qat-qat güclü idilər. Ümumilikdə çempionatın səviyyəsində geriləmə var.

 

- “İnter” Avrokuboka vəsiqəni, demək olar ki, təmin edib. Necə düşünürsüz, bu heyətlə Avropada uğurlu çıxış etmək olarmı?

- Mənim fikrim budu ki, hazırkı heyəti qoruyub saxlaya bilsələr, “İnter” Avrokubokda uğurlu çıxış edəcək. İndiki heyətdə yaxşı oyunçular qərarlaşıb.

 

- “İnter”in yeni baş məşqçisinin Georgi Çixradze olacağı deyilir. Siz onunla çalışmaq istərdinizmi?

- Mən Çixradzeni bəyənirəm və onun işini qiymətləndirirəm. “Simurq”dakı fəaliyyəti göz qabağındadı, hər mövsüm yaxşı komanda ortaya çıxarır. Onunla işləmək əla olardı. Əgər baş məşqçi postuna gətirilsə, əminəm ki, Çixradzenin rəhbərliyi altında “İnter” uğurlarını davam etdirəcək. 

 

Tengiz MƏMMƏDOV

0