[b]“Uğuru taekvondoda qazandım, buna görə də, futbolu atdım”[/b] - VİDEO
24.06.2015 - 15:35
[b]“Uğuru taekvondoda qazandım, buna görə də, futbolu atdım”[/b] - VİDEO

“Çempionluğumdan bir neçə gün keçsə də, təbriklər gəlməkdə davam edir. Sosial şəbəkələrdə, telefonda məni, atamı, anamı, qardaşımı təbrik edirlər. Bu, çox xoş haldır”. Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, Avropa Oyunlarında taekvondo yarışlarının qalibi Ayxan Tağızadə deyib.

 

19 yaşlı taekvondoçu hələ yorğunluğu tam üzərindən atmadığını deyib: “Hələ demək olmaz ki, yorğunluq atılıb. Bir az yorğunluq var. Keçən ay dünya çempionatına getmişdim. Orada 3 döyüşdə qalib gəlsəm də, medal görüşündə rusiyalı rəqibimə 1:5 hesabı ilə uduzdum. Sonra qarşıma məqsəd qoydum ki, bu yarışda rəqibim kim olursa-olsun, onu məğlub edib, fəxri kürsüyə çıxacağam. Elə də oldu. Həmin rusiyalı rəqibimi Bakıda yarımfinal qarşılaşmasında məğlub etdim. O görüşümüzü prezidentimiz də canlı izləyirdi”.

 

Avropa Oyunlarının qalibinin atası, parataekvondo yığmamızın baş məşqçisi Əvəz Tağızadə yarışdan əvvəlki və hazırkı Ayxanı müqayisə edib: “Əvvəl Ayxan Avropa Oyunlarının çempionu deyildi. Amma indi bu yarışın qalibidir. Fərq odur ki, artıq o, idman sahəsində elə bir həddə çatıb ki, bundan sonra da onun güclü çıxışını, medallarını görmək lazımdır. Evdə özü ilə də söhbət etmişik. Ayxan artıq lazım olan baryeri aşıb. 68 kq çəki dərəcəsində dünyanın ən güclü idmançıları məhz Avropadan idi. Əgər Ayxan Avropa qitəsini təmsil edən həmin idmançıları məğlub edibsə, bundan sonra da böyük yarışlarda – dünya çempionatında, Olimpiya Oyunlarında üzərinə daha çox məsuliyyət düşür. Əvvəlki Ayxanın belə çox məsuliyyəti yox idi. İndiki Ayxanın məsuliyyəti daha çoxdur. Fərqi yalnız bunda görürəm ki, məsuliyyəti artıb. İndiki Ayxan daha məsuliyyətli olmalıdır”.

 

Ayxan Tağızadə də bu fikirlərlə razılaşıb: “Əvvəl necə məşq etmişdimsə, indi də çalışıb elə məşq edəcəyəm. Zirvədə qalmaq çətindir, zirvədəki yerimi qorumaq lazımdır. Buna görə də, məşqlərə daha ciddi yanaşmaq tələb olunur. Əlimdən gələni edəcəyəm”.

 

Taekvondoçumuz çempion olduğu günün həyatında hansı yeri tutacağından da danışıb. Onun sözlərinə iyunun 17-si qazandığı uğura yalnız Olimpiya çempionluğu çata bilər: “Həmin gün səhər yuxudan oyananda özüm özümə dedim ki, bu gün sənin günündür. Psixologiya, hər şey əla idi. Bir balaca ayağımda zədə var idi. Amma o da yarış ərəfəsində yox olub getdi. Çempion olduqdan sonra bunu ancaq bir uğur əvəz edə bilər: o da Olimpiya medalı, çempionluğudur. Başqa medal bunu əvəz edə bilməz”.

 

Parataekvondo millimizin baş məşqçisi olan Əvəz Tağıyev həmin gün oğluna verdiyi tövsiyələrdən danışıb. O bildirib ki, Ayxan dünya çempionatında uduzandan sonra bir ay ərzində onu hər gün özü yola salıb: “Bir ay onunla ancaq psixoloji söhbətlərimiz olub. O bilməli idi ki, çempion olmaq üçün rəqibindən asılı olmayaraq, qalib gəlməli idi. Ancaq bu səpkidə söhbətlər gedirdi. Ona bildirmişdim ki, mən sənə inanıram. Müəllimləri də inanırdılar. Onlar da dəfələrlə söyləyirdilər ki, biz səndən medal gözləyirik, sən buna layiqsən. Avropa Oyunlarında çıxışı zamanı hər döyüşdən qabaq mən onunla görüşürdüm, qucaqlaşırdıq. Ona uğurlar arzu edirdim, yola salırdım. Qalib gəlirdi, yenə görüşürdük, çempion olana qədər bu cür davam etdi, sıx əlaqəmiz oldu”.

 

Döyüşləri barədə danışan Ayxan 1/4 finalda “London-2012”nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonillanı (İspaniya) necə məğlub etməsinin sirrini açıqlayıb: “Rəqibim o çəkinin reytinqli idmançısı idi. Dünya və Avropa, həmçinin Olimpiya çempionu idi. Mən bunlara psixoloji olaraq, hazırlaşmışdım. Uduzandan sonra adamda məsuliyyət olur ki, nə qədər uduzmaq olar, artıq qalib gəlmək vaxtıdır. Hansı rəqiblə düşəcəyimizi 2-3 həftə əvvəlcədən bilirdik. Həmin ispan rəqibimin də döyüşlərinə baxmışdım, müəllimlərimlə birgə təhlil etmişdim. Məşqlərin nəticəsi, məqsəd və psixologiya qələbəyə gətirib çıxardı”.

 

Tağızadə finalda Karol Robakla (Polşa) döyüşünə də xüsusi toxunub. O, öncə 3:1 hesabı ilə öndə olub, ardınca 5 xal geri düşməsini, qarşılaşmanın heç-heçə başa çatması və qızıl xalla qalib gəlməsini çıxış etdiyi idman növünün özəlliyi hesab edir: “Taekvondoda hər şey olur. Əvvəlki yarışlarda mən hətta 6 xal öndə ola-ola, 18 saniyə ərzində məğlub olmuşam. Belə şeylər də var. Final görüşümdə ilk iki raundda hesabda geri idim. Üçüncü raunda çıxanda baş məşqçimiz Reza Mehmandost mənə taktika verdi. O taktikaya əsasən, son 2 dəqiqə ərzində nə gücüm var idisə, qoydum. Nəticədə hesabı 9:4-ə gətirib çıxardım. Sonra bir anlıq “boşaldım” ki, artıq udacağam. 30 saniyə qalmışdı. Bir balaca boşalmağın səbəbi gətirib 9:9-a çıxardı. Sonra qızıl xal uğrunda 4-cü raunda getdik. Bir xal götürən çempion olacaqdı. Yenə məşqçim mənə söylədi ki, sən bunu bacararsan. Çempion olmalısan, öz vətənindir. Neçə illik əziyyəti nəzərə alaraq, o görüşə ancaq çempionluq arzusu ilə çıxdım. Şükür Allaha ki, vətəndə çempion oldum”.

 

Taekvondoçumuz çempion olduqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin onu telefonla təbrik etməsini sevindirici olduğunu deyib: “Çempionluqdan sonra bu zəng gözlənilməz oldu. İlk zəng cənab prezident İlham Əliyevdən gəldi. Gözləməzdim ki, zəng edər. Özü yarımfinal görüşümə baxmışdı, lakin final döyüşümə baxa bilmədi. Amma xəbəri oldu ki, çempion olmuşam. Zəng etdi, təbrik elədi məni. Mənə söylədi ki, “yarımfinal görüşünə canlı baxdım, peşəkar olduğunu gördüm, inşallah, səninlə Rioda görüşəcəyəm”. Mən də dedim ki, cənab prezident, “çox sağ olun”, “inşallah””.

 

Əvəz Tağıyev oğlunun gənclər yığmamızdan böyük yaş qrupuna keçməsindən, iranlı baş məşqçi Reza Mehmandostun diqqətini çəkməsindən danışıb: “Artıq 1 il idi ki, gənclərdən böyüklərə keçmişdi. Təzə məşqçimiz Reza Mehmandost gələndən sonra Ayxanın döyüşlərinə baxdı, nəzər yetirdi. Onun yaxşı döyüşçü olduğunu gördü və üzərində işləməsi üçün Ayxanı milliyə öz yanına götürdü. Dünya çempionatında da Mehmandost Ayxana böyük ümidlər bəsləyirdi. Mənə də söyləmişdi. Ancaq təəssüflər olsun, orada hədəfimiz alınmadı. Amma bu dəfə qəti demişdi ki, əgər dünya çempionatında 30 faiz inanırdımsa, Avropa Oyunlarında 80 faiz inanıram. Çünki bir ay keçmişdi və bu bir ay öz işini görürdü, məşqlər davam edirdi. Dəyişiklik budur ki, məşqlər Ayxanı fiziki cəhətdən çox gücləndirdi”.

 

Çempionumuzun atası yerli və əcnəbi məşqçilər arasındakı fərq barədə də məlumat verib. O bir mütəxəssis kimi Mehmandostun işini yüksək qiymətləndirib: “Bu dəqiqə bizdə çox gözəl şərait var. Taekvondo Federasiyamızın idman zalında son 6-7 ay ərzində bütün şərait yaradılıb. Taekvondoçuların fiziki hazırlığını qaldırmaq üçün ayrıca otaq ayrılıb, trenajorlar alınıb. Bunlar orada mütəmadi məşq keçirlər. Baş məşqçinin də burada böyük rolu var. Onun tərtib etdiyi proqram çox yüksək proqramdır. Mehmandost özü çox güclü, dünyada tanınmış məşqçidir. Mən onu İrandan tanıyıram. O vaxtlar Ayxanı da, böyük qardaşını da Mehmandostun zalına aparmışam. Vaxtilə dostluq görüşləri keçirmişik. Mehmandostun çox güclü müəllim olduğunu bilirdim. Bizim rəhbərlik taekvondonu qaldırmaq üçün bir neçə addımlar atmışdı. Son addım çox gözəl addım idi. Reza Mehmandostu Azərbaycana dəvət etdilər, çox da uğurlu oldu. Dünya çempionatında bir qızıl medal verdi. Avropa çempionatında gümüş, bürünc var idi, amma qızılımız yox idi. Qızıl həmişə qızıldır. Birinci yer elə birinci yerdir. Mehmandostun dəvət olunmasından sonra dünya çempionatında qızıl medal qazandıq. İndi özünüz də gördünüz ki, 4 Olimpiya çəkisindən 3-də biz çempion olduq. Mən hələ ancaq kişiləri deyirəm. Qızlarda da iki medal oldu. 8 medaldan 5-ni götürmək yaxşı nəticədir. Bu vaxta qədər komanda hesabında belə böyük nəticəmiz olmamışdı. Çox gözəl uğurdur. Federasiyamızın düzgün siyasəti nəticəsini verdi. Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova öz minnətdarlığımı bildirirəm. İdmançıların hər bir şeyi ilə maraqlanmışdı. Buna görə də, nəticəmiz çox gözəl oldu”.

 

Ayxan Tağızadə Avropa Oyunlarında görüşlərinin kimin necə izləməsini də açıqlayıb: “Əgər bir qisim insan mənə dəstək olmaq üçün Kristal Zala gəlmişdisə, digərləri televizor qarşısında həmin həyəcanı yaşadılar. Zala atam, qardaşım gəlmişdi. Qohumlarım, dost-tanışlarım, məhəllə yoldaşlarım da gəlmişdi. Gələ bilməyənlər, işi olanlar isə həm işlərini görüb, həm də televiziya vasitəsilə mənim çıxışlarımı izləmişdilər. Dostlarımın iş yoldaşları da mənə dəstək olurdu. Mənə azarkeşlik edən hamı sağ olsun. Onların etimadını puç eləmədim”.

 

Taekvondoçumuz çempion olduqdan sonra evə gedərkən xoş sürprizlərlə qarşılaşdığını da etiraf edib: “Açığı, gözləyirdim ki, məni yaxşı qarşılayacaqlar. Evə qayıdanda, məhəllədə məni bayraqlarla qarşıladılar, qurban kəsdilər. Bütün məhəllə orada idi. Hamısı sağ olsun”.

 

Parataekvondo növündə dəfələrlə medal sevinci yaşayan Ə. Tağıyev bu hissi valideyn kimi görməsi ilə müqayisə edib. O bildirib ki, bu, tam başqadır və valideynlərin övladının uğuruna necə sevinməsi indi başa düşüb: “Avropa və dünya çempionatlarında şəxsi tələbələrimdən 70-dən çox medal görmüşəm. Komandamız dəfələrlə dünya çempionu, ikincisi olub. Mən bu sevincləri görmüşdüm, artıq öyrəşmişdim. Ancaq öz oğlunun belə bir nailiyyət əldə etməsi başqa hissiyyatdır. Bunu hər kəsə arzu edirəm. Biri var öz işimi yerinə yetirirəm, biri də var ki, oğlum öz işini yerinə yetirir. Oğlunun işini yüksək səviyyədə yerinə yetirməsi ata üçün fəxrdir. Biz taekvondoçu ailəsiyik. Mənim 3 övladım var. Qızım da, digər oğlum da taekvondoçu idi. Qızım artıq taekvondo ilə vidalaşıb, işləyir. Böyük oğlum keçən ilə qədər yığma komandanın üzvü idi. O da yaxşı nəticələr verən idmançı idi. Ancaq zədə ilə bağlı müəllimliyə keçdi. Hazırda Naxçıvanda çalışır. Taekvondonu təkcə Ayxan davam etdirdiyi üçün anası ona böyük dəstək olur. Anası hətta Ayxanın bütün rəqiblərinin adlarını bilir, hamısını təhlil etmişdi. İdmançının paltarlarını tez-tez yuyub, qurutmaq lazımdır ki, o biri məşqlərə girə bilsin. Bir gündə 3 məşq olur. Görün nə qədər paltar yumaq lazım olur. Ayxan evə yorğun gəlir, anası paltarlarını yuyur, ütüləyir, ona ürəyi istədiyi yeməyi hazırlayır. Ayxan heç anasını məşqə gəlib baxmağa qoymamışdı”.

 

A. Tağızadə Avropa Oyunlarında taekvondo millimizə ilk qızıl medalı qazandırdığı üçün xoşbəxt olduğunu deyib. Onun sözlərinə görə, bundan sonra müəllimləri çox sevinib, komanda yoldaşlarında özünəinam artıb: “Hamısı düşünməyə başladı ki, mən də qazanacağam. Ondan sonra hər gün qızıl medal qazandıq. Dörd oğlan taekvondoçudan üçü qızıl medal qazandı. Bu, əla göstəricidir”.

 

Ə. Tağıyev oğlunun uşaqlıq illərinə səyahət edib, onun taekvondoya gəlişini xatırlayıb. Təcrübəli mütəxəssis bildirib ki, hətta bəzən Ayxan teakvondodan futbola da “qaçıb”: “Ayxanı 3 yaşı olanda özümlə məşqlərə aparırdım ki, elə-belə məşğul olsun, ora-bura qaçsın. Sırf öyrətmək üçün aparmırdım. Çünki cəmi 3 yaşı var idi. Sırada durmaq, komandaya qulaq asmaq kimi xırda məqamları öyrətməyə başladım. Artıq 6 yaşına çatanda mən onu qara kəmərə hazırladım. Koreyadan gələn IX dan qara kəmər sahibi olan müəllimlərə imtahan verdi. 6 yaşında ilk dəfə I dan qara kəmər sahibi oldu. Döyüşü öyrətməyə 11 yaşından başlamışdım. Açığı, həvəsi yox idi, istəmirdi. Çalışırdım başa salım ki, səndə bu alınar. O, futbolu çox istəyirdi. Bir müddət icazə verdim, futbola da getdi. “Neftçi”də və “Vətən”də oynadı. Gedib oyunlarına baxdım, dedim ki, oyunundan xoşum gəlmədi, ora yaramırsan. Çatışmazlıqlarını izah etdim, bəzi səbəbləri dedim. Bildirdim ki, səhər səni yenidən özümlə taekvondoya aparacağam. O da söz tapmadı deməyə”.

 

Avropa Oyunlarının qalibi də etiraf edib ki, taekvondoya sevə-sevə gəlməsə də, uğurlarını bu idman növündə qazanıb: “Əslində taekvondoya heç həvəsim yox idi. Bu idman növünə həvəssiz yanaşırdım. Futbola böyük həvəsim var idi. Eyni anda hər ikisi ilə məşğul olurdum. Amma uğuru taekvondoda qazandım. Buna görə də, futbolu atdım”.

 

A. Tağızadə hazırlıq zamanı ata-oğul münasibətinə də toxunub. Onun sözlərinə görə, atasının məşqlərdə ona acıqlandığı anlar da olub: “Bəzən məşqlərdə atam sərt olurdu, acı söz deyirdi. İncidiyim vaxtlar da olub. Amma heç vaxt küsüb zalı tərk etməmişəm”.

 

Ə. Tağıyev isə oğlu incidikdən sonra necə onun könlünü almasına toxunub. O bildirib ki, zalda olan hansısa söhbəti evə daşımırlar: “Bəli, məşq zamanı onu acıladığım vaxtlar olub. Hazırlıq vaxtı bəzən emosional olursan. Bilirsiniz, bizim peşəmiz döyüş növüdür. İstər-istəməz buna öyrəşməlidir. Hətta səsə də öyrəşməli, hay-küydən narahat olmamalıdır. Bəzən tələb etmək üçün üstünə qışqırmışam, nəyəsə məcbur eləmişəm”.

 

Atası övladının daha yaxşı idman forması yığması üçün başqa məşqçiyə ehtiyac duymayıb. O bildirib ki, heç vaxt Ayxanı başqa mütəxəssis yanına göndərməyib: “Ancaq yığma komandaların tərkibində olanda, təbii ki, milli məşqçilərinin rəhbərliyi altında hazırlaşıb. Amma məşq etmək üçün harasa göndərməmişəm. Özümlə məşqlər, yarışlar üçün başqa yerə aparmışam. Ancaq 1-2 aylıq kiməsə verim, belə hal olmayıb. Yığma komanda məşqçilərinin də Ayxanın üzərindəki əməyi qiymətləndirirəm, “çox sağ ol” deyirəm. Ümumiyyətlə, Ayxanın üzərində kiminsə bir balaca da olsa, əməyi varsa, onların hamısına “çox sağ ol” deyirəm. Ələkbər müəllim, Gündüz müəllim, Elnur müəllim, Reza müəllimə minnətdarlığımı bildirirəm. Ayxan sırf mənim tələbəm olsa da, adlarını sadaladığım şəxslərin də zəhmətini danmaq olmaz”.

 

Ə. Tağıyev taekvondo üzrə milli komandamızın yeni baş məşqçisi Rza Mehmandostun yığmada etdiyi yenilikləri bəyəndiyini vurğulayıb. O, Avropa Oyunlarındakı uğurların iranlı mütəxəssisin apardığı gəncləşdirmə siyasətinin bəhrəsi olduğunu ifadə edib: “Reza Mehmandost gələndən sonra komandada gəncləşdirmə siyasəti apardı, sırf gənclərə üstünlük verməyə başladı, onları qabağa çəkdi. Uğur da göz önündədir. Təkcə Reza müəllim yox, birinci vitse-prezident Nağı Səfərovun, ikinci vitse-prezident Niyaməddin Paşayevin də Ayxanın üzərində əməyi var. Onlar məni dəfələrlə Ayxan haqda müzakirələr aparmaq üçün çağırıblar. Ayxanın psixoloji durumunun düzəlməsi üçün müraciətlər ediblər ki, üstündə nəzarətimi artırım. Onlar mənə hər şeyi vaxtında deyiblər, mən də bunun üstünə vaxtında düşmüşəm. Nəticə də göz önündədir”.

 

A. Tağızadə 19 yaşında Avropa Oyunlarının qalibi olmasının onda arxayınlıq yaradıb-yaratmayacağına münasibət bildirərkən qeyd edib ki, “ulduz xəstəliyinə” tutulması mümkün deyil: “Mənim belə şeylərlə aram yoxdur. “Ulduz xəstəliyi”nə tutulmağı heç istəmirəm. Bəlkə də, kənardan başqa cür görünə bilər. Amma çalışmışam heç vaxt belə olmayım. Çünki məni bu səviyyəyə çatdıran Allahdır. O da hər şeyi hər an əlimdən ala bilər. Yəni, hər an geriləyə bilərəm. Məşqlərə əvvəlkindən daha ciddi hazırlaşmalıyam ki, zirvədə qalım. “Düşsəm”, deyəcəklər ki, “ulduz xəstəliyi”nə tutuldu, uduzdu. Əlimdən gələni edəcəyəm ki, belə fikirlər səslənməsin”.

 

Gənc taekvondoçu gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bütün gücünü səfərbər edəcəyini deyib. O bildirib ki, vəsiqəni ya xal sistemi, ya da təsnifat turniri vasitəsilə qazanmağa çalışacaq: “Əvvəl reytinqdə çox geridə idim. Sonra 34-cü yerə qədər irəlilədim. Avropa Oyunlarında da 40 xal qazandım və artıq ilk “15-lik”dəyəm. Siyahıya isə Avropa Oyunlarının yarımfinalında məğlub etdiyim rusiyalı Aleksey Denisenko başçılıq edir. Məndən 200 xal öndədir. Məşqlərimi səylə davam etdirəcəyəm ki, bütün yarışlarda uğur əldə edim və Yay Olimpiya Oyunlarına vəsiqə qazanım. Hələ ki, hər çəkidə bir idmançı var. Ona görə də, rəqabət yoxdur. Amma rəqabət də ola bilər. Çünki əvəzedilməz adam yoxdur”.

 

Əvəz Tağıyev də oğlunun Yay Olimpiya Oyunlarına lisenziya qazanmasında maraqlı olduqlarını və buna səylə hazırlaşacağını açıqlayıb: “Ayxan Qran-pri yarışlarında mütləq xal toplamalıdır. Təsəvvür edin ki, o, 300-dən çox xalı olan Denisenkonu məğlub edib. Ayxanda isə indi 100-dən çox xal var. Düzdür, rusiyalı idmançı bu xalları bir neçə il ərzində toplayıb. Amma Ayxan 6-7 aya buna nail oldu. Heç bir il deyil ki, bunun üzərində çalışır, artıq 100 xalı keçib. Düşünürəm ki, “Qran-pri” yarışlarında xal toplasa, daha yaxşı olar. Mən də ona bunu tövsiyə edəcəyəm. “Qran-pri”lərdə ilk “səkkizliyə” düşənlər Olimpiadaya lisenziya qazanmış olacaqlar. Hazırda Ayxan “15-lik”dədir”.

 

I Avropa Oyunlarının çempionu sonda yarışla bağlı heç vaxt unutmayacağı xatirələrdən danışıb: “Cənab prezident İlham Əliyevin xanımı ilə birlikdə oyunuma canlı baxması, sonra zəng vurması mənim həmişə yaddaşımda qalacaq. Ən yaddaqalan an bayrağımızı dalğalandırmağım, himnimizi oxumağım oldu. Həm də taekvondo millimizin heyətində ilk qızıl medalı mən qazandım. Bunları illər keçsə də unutmayacağım, bunlar övladlarıma danışa biləcəyim xoş xatirələrimdir”.

 

Ayxanın atası da oğlunun dediklərinə şərik olub. O həmçinin bildirib ki, hazırda “sükanı” arxasında olduğu parataekvondo yığmamızın nəticələrindən də fərəhlənir: “Bütün bunlar digər idmançılarıma da gələcəkdə uğur qazanmaq üçün stimul verəcək”.

0