“Azərbaycan təşkilati işlərin öhdəsindən artıqlaması ilə gəldi” – Rusiya yığmasının məşqçisi
24.06.2015 - 17:19
“Azərbaycan təşkilati işlərin öhdəsindən artıqlaması ilə gəldi” – Rusiya yığmasının məşqçisi

 

“Avropa Oyunlarında layiqli çıxış etdik. Buna baxmayaraq, medal qazana bilmədik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Rusiyanın şosse velosipedi yığmasının baş məşqçisi İqor Strutinski deyib.

 

Rusiyalı velosipedçilərin çıxışını dəyərləndirən Strutinski bəxtsizlikdən gileylənib: “Velosipedçilərimiz medal qazanmağa yaxın idilər. Bir az bəxtimiz gətirmədi. Tatyana Antoşina sübut etdi ki, Rusiyanın qadınlardan ibarət velosiped komandasının lideridi. O, 3-cü yerdəki idmançıdan cəmi 5 saniyə geri qaldı. Anton Vorobyovun da bəxti gətirmədi. İdmançımız uzun müddət yarışda ikinci yerdə getsə də, finişə 13 km məsafə qalanda velosipedinin təkərində problem yarandı. Dərhal müdaxilə edilsə də, həmin müddətdə çox dəyərli vaxt itkisi oldu. Bununla da, Vorobyov medal şansından məhrum oldu”.

 

Strutinski Avropa Oyunlarının rusiyalı velosipedçilərə böyük təcrübə qazandırdığını qeyd edib. O həmçinin əlavə edib ki, yarışın təşkilatçılığı yüksək səviyyədədi: “İstənilən halda, Avropa Oyunları idmançılarımızın xeyrinə oldu. Onlar lazımi qədər təcrübə topladılar. Azərbaycan təşkilati işlərin öhdəsindən artıqlaması ilə gəldi. Hər şey yüksək səviyyədə idi. Bu yarış Avropanın ən yaxşı velosipedçilərinin yarışları arasında özünə layiqli yer tutdu”. 

0