[b]“Bugünkü heç-heçə bizi aldatmamalıdı” – Qara Qarayev[/b]
04.09.2015 - 00:17
[b]“Bugünkü heç-heçə bizi aldatmamalıdı” – Qara Qarayev[/b]

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirən Azərbaycan yığması Xorvatiya ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan oyunda qapılara qol vurulmayıb və komandalar meydanı hərəyə 1 xalla tərk edib. Oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandıran yığmanın yarımmüdafiəçisi Qara Qarayev Malta səfərinə də toxunub.

 

- Gərgin keçən oyunla bağlı nə deyə bilərsiniz?

- Yığmamız çoxdan idi belə oyun göstərmirdi. Xarakter nümayiş etdirdik, sona qədər mübarizə apardıq. Sonda heç-heçə etdik, bu da bizim üçün yaxşı nəticə, hətta tarixi nəticə oldu. Xal qazanmaq istəyirdik. Güclü azarkeş dəstəyi var idi. Son illərdə oyunumuza az azarkeş gəlirdi. Bu gün fərqli atmosfer yaratdılar. Bu, bizi sevindirməyə bilməz. Onları qarşıdakı oyunlarda da gözləyirik.

 

- Sona yaxın hücuma çıxmamağınız baş məşqçinin tapşırığı idi?

- Baş məşqçi də tapşırdı ki, müdafiədə diqqətli oynayın. Bu da başa düşüləndi. Heç kim 90-cı dəqiqədə qol buraxıb, uduzmaq istəmir. Buna görə də hücuma çox çıxmadıq. Fikrimcə, düzgün addım atdıq.

 

- Yorğunluq varmı?

- Sözsüz. “Yanq Boys”la oyundan sonra birbaşa milliyə qoşulduq. Dincəlməyə vaxtımız olmadı. Bizi Xorvatiya ilə oyundan daha çətin bir qarşılaşma gözləyir. Maltaya yollanırıq. Bu səfərdən də xalla dönsək, qazandığımız nəticənin əhəmiyyəti artacaq. Bugünkü heç-heçə bizi aldatmamalıdı. Hamılıqla oyuna hazırlaşmalıyıq.

 

- Amma Malta ilə dueldə təzyiq daha çox olacaq..

- Razıyam, evdə xal qazanmışıqsa, səfərdə də bunun ardını gətirməliyik. Yaxşı oyunla buna nail olmağa çalışacağıq. 

0