[b]“Buna layiq deyildik” - Aleksey Qay[/b]
02.10.2015 - 15:56
[b]“Buna layiq deyildik” - Aleksey Qay[/b]

“Avropa Liqası kimi turnirdə səhvi bağışlamırlar. Belə yarışlarda qol şanslarından maksimum yararlanmaq lazımdı. Əks təqdirdə rəqib səni cəzalandırar”. Bunu apasport.az saytına “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Krasnodar”la səfər qarşılaşmasını dəyərləndirən ukraynalı futbolçu məğlubiyyəti (1:2) belə şərh edib: “Etiraf etmək lazımdı ki, birinci hissəni o qədər də yüksək səviyyədə keçirmədik. Nəticədə rəqibin bir neçə qol şansı yarandı. Ancaq fasilədə oyunu düzgün dəyərləndirdik və ikinci hissədə matça diktə etdik. Hesab 1:1 olandan sonra əlimizə düşən imkanların birindən düzgün yararlana bilsəydik, nəticə başqa cür olacaqdı. Təəssüf ki, yaxşı mübarizə apardığımız oyundan məğlubiyyətlə ayrıldıq. Fikrimcə, buna layiq deyildik”.

 

“Krasnodar”ın güclü komanda olduğunu bildirən Qay, xüsusən də, rəqibin hücum xəttini fərqləndirib: “Rusiya təmsilçisi düşünüləndən də güclüdü. Onların hücumçuları fərdi şəkildə çox güclüdülər. Sürətli ötürmələrlə qısa müddətdə cərimə meydançasına girməyi bacarırlar. “Krasnodar” qrup mərhələsinə elə-belə düşməyib. Oyunları ilə bunu göstərirlər”.

 

Qeyd edək ki, iki turdan sonra “Qəbələ” 1 xalla qrupda 4-cü yerdə qərarlaşır. Dortmund “Borussiya”sı 4 xalla qrupa başçılıq edir, “Krasnodar” (3 xal) ikinci, PAOK (2) üçüncü sırada yer alır.

0