[b]“Tottenhem” 7 futbolçusunu Bakıya gətirmədi[/b]
25.11.2015 - 15:32
[b]“Tottenhem” 7 futbolçusunu Bakıya gətirmədi[/b]

“Tottenhem” Azərbaycana tam heyətlə gəlməyib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq London klubu 7 oyunçusunu Londonda saxlayıb.

 

Nabil Bentaleb, Naser Çadli və Aleks Pritkardın zədə ucbatından bu görüşü buraxacaqları gözlənilirdi. Baş məşqçi Maurisio Poçettino ayağında ağrılar hiss edən yarımmüdafiəçi Erik Lamelanı da riskə atmaq istəməyib. Bu 4 futbolçu ilə yanaşı, Danni Rouz, Keyl Uolker və Musa Dembele də Bakıya gələn heyətdə yer almayıb.

 

Əvəzində baş məşqçi klubun akademiyasının üzvlərini gətirmək qərarına gəlib. Belə ki, 17 yaşlı Kamerano Karter-Viker, 18 yaşlı Şeyn Harrison həmçinin əsas heyətə nadir hallarda düşən Joş Onoma, Harri Vinks və Lük Makqi də Azərbaycana gətirilib.

 

Poçettino bu addımı hamını formada saxlamaq üçün atdığını bildirib: “Bəzi oyunçularımızın gəlməyəcəyi əvvəlcədən bilinirdi. Lakin Lamelada da zədə aşkarlandığı üçün onu İngiltərədə saxladıq. Bundan başqa, əsas heyətin daha bir neçə üzvünə istirahət imkanı verdik. Çünki sıx qrafikdə çıxış edirik və bütün oyunçuları formada saxlamaq lazımdı. Növbə ilə hamı oynasa, heç bir oyunçumuz yorulmaz və bu, komandanın nəticələrinə mənfi təsir göstərməz. Akademiyadan oyunçuların əsas komandaya yüksəlməsi isə bu klubun parlaq gələcəyinin olacağından xəbər verir”.

 

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0