[b]AÇ-2016: “Xoruzlar"ın üçüncü çempionluq arzusu[/b]
25.04.2016 - 16:41
[b]AÇ-2016: “Xoruzlar"ın üçüncü çempionluq arzusu[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 46 gün qalıb. Apasport.az saytı bu gündən etibarən qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatına başlayır.

 

Hər həftə oxucularını bir qrupla tanış edəcək saytımız silsilə yazılara A qrupunun birincisi olan Fransa ilə start verir.

 

1 dəfə dünya, 2 dəfə Avropa çempionu olan Fransa yarışın əsas favoritlərindən hesab olunur. Düzdü, ilk qitə çempionluğunu Mişel Platini, digər iki uğurunu Zinəddin Zidanın oynadığı dövrdə qazanan “üçrənglilər”in heyətində onlar səviyyəsində lider yoxdu. Lakin həm dünya, həm qitə səhnəsindəki ilk böyük uğur evdə qazanıldığından meydan sahibləri Fransa-1984 və Fransa-1998-dəki zəfərlərin ardını gətirməyə iddialıdı.

 

Seçmə mərhələdə oynamadan yarışa qatılan "xoruzlar"ın  baş məşqçisi heyət və taktikanı yoxlama görüşlərində formalaşdırıb. Didye Deşamın qapıda Stiv Mandanda və Benua Kostil kimi əvəzləyicilərə malik Uqo Lorisə güvənəcəyini əminliklə söyləmək olar. Müdafiənin sağında Kristof Jalle deyil, təcrübəli Bakari Sanyaya güvənən mütəxəssis əks cinahda da veterana bel bağlayır. O, Patris Evranı hələ də Benua Tremulinasdan üstün sayır.

 

Arxa xəttin mərkəzində Rafael Varan və Loran Koselnı yer almalıdı. Elyakim Manqala və Mamadu Saxo isə evdəki yarışa əvəzləyici kimi qatılacaq.

 

4-3-3 sisteminə üstünlük verən çalışdırıcı cinahları müdafiəçilərin sərəncamına verib, eyni vaxtda üç mərkəz yarımmüdafiəçisinə şans verir. Pol Poqbanın bu “üçlük”də yerinin daimi olması heç kimdə şübhə yaratmır. Deşam onunla yanaşı, oyun üslubu ilə məhz özünə bənzəyən Blez Matuidiyə də daim şans verir. İki yaradıcı yarımmüdafiəçi ilə birlikdə dağıdıcı Morqan Şneyderlinin də əsas heyətdə yer alması mümkündü. Hazırda yaxşı formada olmayan Musa Sissoko isə orta sahədə rəqabəti artıra bilər.

 

Bir sıra mütəxəssislərin Fransa millisinin əsas favorit sayması azarkeş dəstəyi və güclü hücum xətti ilə izah edilir. Bu xətdə böyük seçimə malik çalışdırıcı Antuan Qrizmann, Olivye Jiru, Aleksandr Lakazet və Matye Valbuenanı əsas qol silahları kimi istifadə edə bilər. Hücumun sivri ucunda yer almalı olan Kərim Benzemanın yoxluğu isə fransalıları narahat edən məqamlardandı. Belə vəziyyətdə sol cinahı Qrizmanna həvalə edəcək mütəxəssis mərkəzdə Jiruya şans verməlidi. Valbuena kimi yeni parlayan Antoni Marsial da əsas heyətə düşməyə iddialıdı. Hatem Ben Arfa, Andre-Pyer Jinyak da fransalıların hücum xəttinə rəng qatmaq gücündədi.

 

Son 3 yoxlama oyununda İngiltərəyə 0:2 hesabı ilə uduzub, Hollandiyanı 3:2, Rusiyanı 4:2 yenən “üçrənglilərin” məhsuldarlığı da baş məşqçiyə nikbinlik üçün əsas verir. Qrupdakı rəqiblərinin gücünə nəzər salsaq, üçüncü dəfə qitənin ən yaxşısı olmağı hədəfləyən fransalılar 1/8 finala 1-ci yerlə çıxmalıdı. Hər hansı büdrəmə onları növbəti raundda çətin sınaq qarşısında qoya bilər.

 

FİFA reytinqində: 21-ci yer

Ləqəbi: Göylər, üçrənglilər

İlk oyun: Belçika – 3:3 (1904)

Ən böyükhesablı qələbə: Azərbaycan – 10:0 (1995)

Ən böyükhesablı məğlubiyyət: Danimarka – 1:17 (1908)

Titulları: Dünya çempionu (1998), Olimpiya çempionu (1984), Avropa çempionu (1984, 2000), Konfederasiyalar kuboku (2001, 2003)

Ən çox oyun: Lilian Türam (142)

Ən çox qol: Tyerri Anri (51)

Final mərhələsinə yolu: Meydan sahibi kimi birbaşa vəsiqə

Əvvəlki Avropa çempionatlarında:

1960 – IV yer

1964 – final mərhələsinə yüksələ bilməyib

1968 – final mərhələsinə yüksələ bilməyib

1972 – final mərhələsinə yüksələ bilməyib

1976 – final mərhələsinə yüksələ bilməyib

1980 – final mərhələsinə yüksələ bilməyib

1984 – Çempion

1988 – final mərhələsinə yüksələ bilməyib

1992 – Qrupda qalıb

1996 – III yer

2000 – Çempion

2004 – 1/4 final

2008 – Qrup mərhələsi

2012 – 1/4 final

Baş məşqçi: Didye Deşam

Kapitan: Uqo Loris

 

AVRO-2016-da oyunları:

10 iyun. 23:00. Fransa – Rumıniya

15 iyun. 23:00. Fransa – Albaniya

19 iyun. 23:00. İsveçrə - Fransa

 

0