[b]“Qollarımı saymıram, şəxsi rekordlar da maraqlı deyil” - Aleksey Qay[/b]
03.05.2016 - 09:15
[b]“Qollarımı saymıram, şəxsi rekordlar da maraqlı deyil” - Aleksey Qay[/b]

“Neftçi” ilə oyun haqda indi nə isə söyləmək çətindi. Artıq neçənci dəfədi ki, yaradılan qol imkanlarından istifadə edə bilmirik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Aleksey Qay deyib.

 

Topaz Premyer Liqasının XXXII turunda “Neftçi”ni qəbul edən “Qəbələ” ev oyununda 1 xal əldə edib. 2:2 hesabı ilə başa çatan matçda hesabı ukraynalı yarımmüdafiəçi açıb. Bunadək “Xəzər Lənkəran”la XXXI turun çempionat (1:0) və “Neftçi” ilə kubok (1:1) görüşlərində erkən qol vuran Qay ardıcıl 3 oyundu qol vurur. XXX tur çərçivəsində “Rəvan”la matçı (2:0) cəza üzündən buraxan orta sahə oyunçusunun XXIX turda “Sumqayıt”a da (1:1) qol vurduğunu nəzərə alsaq, o, meydana çıxdığı son 4 qarşılaşmada fərqlənib. Qay son matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb: “Əgər bundan maksimum yararlansaydıq, daha çox qol vurardıq. Lakin rəqibin xırda səhvlərimizdən də istifadə etdiyini nəzərə alsaq, hesabı qanunauyğunluq kimi dəyərləndirmək olar. Futbolda səhvin olmaması mümkünsüzdü. Hesabda iki dəfə önə keçdik. Bəlkə də konsentrasiyanın ani itirilməsi hər iki halda hesabın bərabərləşməsi ilə nəticələndi”.


Aprelin 27-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda, mayın 1-də isə Premyer Liqanın XXXII turunda “Neftçi” ilə görüşən “qırmızı-qaralar” mayın 4-də yenidən eyni rəqiblə üz-üzə gələcək. Qay hər iki matçda qol vurduğu komanda ilə 3-cü duelin vacibliyini qeyd edib: “İki gün sonra baş tutacaq qarşılaşma çox vacib əhəmiyyət kəsb edir. Çünki yarımfinalın cavab oyununun dəyəri də böyükdü. Uğur qazanacaq komanda həlledici matça vəsiqə əldə edəcək. Biz də bütün bacarığımızdan istifadə edib, finala yüksəlməliyik. Futbolda bəzən belə olur ki, ardıcıl bir neçə dəfə eyni komanda ilə qarşılaşırsan. “Neftçi” ilə qısa müddətdə 3-cü dəfə oynamağımızın hansı komandanın xeyrinə olacağını demək çətindi. Belə oyunlarda rəqiblər bir-birini daha yaxşı tanıyır. Hətta müəyyən mənada rəqib komandanın necə oynayacağını da öncədən görmək olur. Düşünürəm ki, iki dəfə heç-heçə etdiyimiz “Neftçi” səddini adlayıb, finala çıxmaq üçün daha mütəşəkkil oyun nümayiş etdirməli, komanda şəklində oynamalıyıq”.


Premyer Liqada 9, kubokda 4 qol vuran yarımmüdafiəçi hər iki turnirdə “Qəbələ”nin ən məhsuldar oyunçusudu. Ümumilikdə 13 qol vuran Aleksey karyerasının da rekordunu yeniləyib. O, 12 qola imza atdığı 2005/06 mövsümünü də arxada qoysa da, rekordlar və məhsuldarlığı haqda danışmaq istəmədiyini bildirib: “Bombardirlik mənim üçün önəm daşımır. Vurduğum qollar deyil, komandamızın uğuru vacibdi. Qolu kimin vurmasının fərqi yoxdu ki, yarımmüdafiəçilər, yoxsa hücumçu rəqib qapısına yol tapır. Qollarımı saymıram, şəxsi rekordlar da maraqlı deyil. Penaltilərə gəlincə, əvvəlki klublarımda da belə zərbələri yerinə yetirdiyim vaxtlar olub”.


Ötən mövsümdə də çempionat oyunlarında 4 dəfə fərqlənməyi bacaran Qay 66 oyun keçirdiyi “Qəbələ” karyerasındakı ümumi qol sayını 17-yə çatdırıb. Bununla da Yannik Kamanana çatan Aleksey klub tarixinin bombardirləri siyahısında 5-ci yerə şərik olub.

0