[b]Vahid Nəzərov “od püskürdü”: Millini “uşaq-muşağ”a tapşırıblar![/b]
13.06.2016 - 12:27
[b]Vahid Nəzərov “od püskürdü”: Millini “uşaq-muşağ”a tapşırıblar![/b]

“Əminəm ki, federasiya prezidenti Cahangir Əsgərovun bundan xəbəri yoxdu. Bəzi adamlar federasiyada intriqa aparırlar. Bu da yekunda atletlərin dopinqdə “ilişməy”i ilə nəticələnir”. Bunu apasport.az saytına ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Vahid Nəzərov deyib.

 

6 idmançımızın dopinqdə “ilişməsi”nə münasibət bildirən təcrübəli mütəxəssisin sözlərinə görə, bu cəzalar yığma komandanın “uşaq-muşağa” həvalə edilməsindən irəli gəlir: “Komandanın başını buraxıb, “uşaq-muşağ”a tapşırıblar. Bu, milli komandadı, ölkəni təmsil edir. Təcrübəsi olmayan məşqçilər necə yığmaya başçılıq edə bilərlər? Çoxları deyir ki, baş məşqçilikdən kənarlaşdırıldığımdan bu cür danışıram. Elə deyil. Vahid Nəzərovu deyil, təcrübəli bir məşqçi təyin edin işləsin. Sadəcə, işi bilmirlər. Müxtəlif seminarlar keçirilməli və bildirilməlidi ki, filan şeyləri etmək olmaz. Bu da yoxdu. Məşqçiyə nəsə demirlər. Onlar da idmançıya “tabletka” verirlər. Belə olmaz.  Yığmadan hansısa informasiya yoxdu, federasiya işləmir”.

 

Norveçdə keçirilən Avropa çempionatından öncə ürəyindən əməliyyat olunan Nəzərov bildirib ki, yığmanın bugünkü vəziyyəti səhhətində problemlər yaranıb. Onun sözlərinə görə, Azərbaycan Olimpiadada 4 ardıcıl iştirakdan sonra Rioya yollanmamaq təhlükəsi ilə üz-üzədi: “Qadınlarda bir lisenziyaya – “wild card”a ümid edirdik. Lakin bu olmayacaq. Çünki Boyanka Kostovadan da London Olimpiadasında götürülən analiz müsbət nəticə verib və hazırda dopinq nəzarətindədi. Bu səbəbdən Kostova Olimpiadada çıxış etməyəcək. Kişilərdən ibarət yığmamızın 4 lisenziya məsələsinə gəlincə, bu cəzalardan sonra Rioya gedə biləcək idmançımız qalmayıb. Hamısı “məhv” oldu. Biz illərlə bu idmançıları hazırlamışdıq. Yəqin ki, Olimpiya Oyunlarından sonra bu məsələ araşdırarlar və hamısı yoluna düşər. Bir sözlə, mən Azərbaycanın Olimpiadada iştirakına inanmıram”.

 

Mütəxəssis vurğulayıb ki, Rioda təmsil olmamağımıza ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında fərqlənən idmançılarımızın dopinqdə “ilişməsi”di: “Əgər Hyustonda cəzalanan 6 idmançı Azərbaycana xallar qazandırıbsa və onlar dopinqdə “ilişibsə”, deməli, bu xallar aktivimizdən silinəcək. Bununla bağlı qərarın rəsmiləşməsi qalıb. Avropa çempionatının yekununa görə də lisenziya almamışıq və hansısa vəsiqəyə ümid edə bilmərik. Əgər qərar qəbul olunsa ki, xallar silinsin, bu, sözsüz yerinə yetiriləcək. Lakin ola bilər ki, başqa variant da ortaya çıxsın. Yəni qərarda idmançıların cəzalanması öz əksini tapsın, ancaq xallarımız qalsın”.

 

Nəzərov Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən cəriməsinin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, 6 atletimiz dopinqə düşdüyündən ölkəmiz 200 min avro ödəməlidi.

 

Sabiq baş məşqçi dopinq qalmaqalları səbəbindən ağırlıqqaldırmanın Yay Olimpiya Oyunlarının proqramından çıxarılmaq təhlükəsi ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, artıq bu barədə söz-söhbətlər gəzməyə başlayıb.

 

Nəzərov bununla bağlı məsələlərin Gürcüstanda keçiriləcək gənclər arasında dünya birinciliyində (23 iyun – 2 iyul) müzakirə ediləcəyinə istisna etməyib: “İyunun 23-də mən də Gürcüstana gedəcəm. Təəssüf ki, mundialda Azərbaycan yığması olmayacaq. Bu da ağırlıqqaldırmanın gələcəyinin “göstəricisi”di. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası məni Münsiflər Heyətinin üzvü olduğum üçün yarışa dəvət edib. Lakin Azərbaycan Ağır Atletika Federasiyası oraya yollanmağım üçün bilet belə almadı. Nəticədə  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə müraciət etdim və onlar bunu həll etdi. Yəni artıq federasiyada mütəxəssis qalmayıb. Qalanları da ya bu, ya da digər yolla uzaqlaşdırıblar”.

 

Qeyd edək ki, millimizin üzvlərindən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.

 

 

0