[b]5787 günlük həsrətə son və ya ilk dəfə Allahverdiyevsiz[/b]
27.06.2016 - 17:07
[b]5787 günlük həsrətə son və ya ilk dəfə Allahverdiyevsiz[/b]

Sabah Azərbaycan klubları üçün yeni futbol mövsümü start götürəcək. Apasport.az saytının məlumatına görə, hər il olduğu kimi 2016/17 mövsümü də avrokubok oyunları ilə başlayacaq.

 

Üç təmsilçimizin mübarizə apardığı Avropa Liqasında meydana ilk olaraq “Kəpəz” çıxacaq. Gəncə təmsilçisi digər iki komandadan fərqli, ilk matçını sabah keçirəcək. Bu da qərblilərin ev oyununu Bakıda keçirməsi ilə bağlıdı.

 

Şahin Diniyevin baş məşqçisi olduğu komanda “Dalğa Arena”da Moldovanın “Daçiya” klubu ilə ilk sınağa çıxacaq. Bu matç “Kəpəz”in 5787 günlük avrokubok həsrətinin sonu olacaq. Hələ ötən əsrdə - 2000-ci il avqustun 24-də son avrokubok matçını keçirən qərblilər həmin gün Türkiyədə “Antalyaspor” önündə darmadağın yaşamışdı – 0:5. Avropada 62-ci mövsüm I təsnifat mərhələsinin ilk qarşılaşmaları ilə başlayacaq. UEFA kubokunun həmin oyunundan sonra 16 il qitə miqyaslı turnirlərə qatılmayan gəncəlilər yarışın yeni adı altında ilk dəfə çıxış edəcək.

 

Qərblilər üçün daha bir ilk avrokuboka Şahin Diniyevin rəhbərliyi altında çıxmasıdı. İndiyədək 10 belə matç keçirən “Kəpəz” əvvəlki oyunların hamısına Mehman Allahverdiyevin rəhbərliyi altında çıxıb. Allahverdiyevsiz ilk avrokubok sınağı Diniyev üçün də əlamətdar olacaq. Təcrübəli mütəxəssis baş məşqçi kimi avrokuboklarda debüt edəcək. O, karyerasında bir sıra klublarda çalışmasına baxmayaraq, avrokuboklarda hələ də debüt etməyib.

 

Avrokuboklardakı 5 ev oyununu 3 müxtəlif stadionda keçirən “Kəpəz” bu dəfə “Dalğa Arena”da meydana çıxacaq. Uduzmadığı yeganə oyunu – Makedoniya “Sloqa Yuqomaqnat”ı üzərində 2:1 hesablı qələbənin qeydə alındığı matçı Bakıda keçirən qərblilər paytaxtın onlar üçün düşərli olmasından yararlanmağa çalışacaq.

 

Eyni zamanda, “Kəpəz” Moldova klubları ilə görüşlərdəki uğursuzluğa özünün müsbət töhfəsini verməliidi. Çünki bu ölkənin klubları ilə 6 duelin 5-də mərhələni rəqiblər keçib. Təmsilçimiz 9 il əvvəl İntertoto kubokunda “Bakı”nı mübarizədən kənarlaşdıran Kişinyov klubundan qisas da almağı düşünməlidi. Bunun üçün komandamız qol buraxmadan qalib gəlməli, gələn həftə keçiriləcək səfər oyunu üçün üstünlük qazanmalıdı.

 

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

28 iyun

 

20:00. “KƏPƏZ” (AZƏRBAYCAN) – “DAÇİYA” (MOLDOVA)

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)

Bakı, “Dalğa Arena”

 

0