[b]"Samtredia" "Qəbələ” üçün rahat rəqib idi" - Fariz Nəcəfov[/b]
01.07.2016 - 00:31
[b]"Samtredia" "Qəbələ” üçün rahat rəqib idi" - Fariz Nəcəfov[/b]

 

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Samtredia" (Gürcüstan) ilə oyundan (5:1) sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı fikirlərinizi bilmək istərdik...

- Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Ancaq arxayınlaşmaq olmaz. Futbolda hər şey ola bilər. Növbəti oyuna hazırlaşmaq lazımdı və qalib gəlib tam əmin olmalıyıq ki, mərhələ keçdik.

 

- Sizcə rəqib zəif idi, yoxsa “Qəbələ” çox güclü idi?

- Belə deyək, bu görüşdə gürcülər “Qəbələ” üçün rahat rəqib idi. Növbəti oyunda necə olacaq görəcəyik. Bu matçda məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bildilər. Rəqib də oynamağa imkan verdi.

 

- Mendinin gedişindən sonra “Qəbələ” axtardığı hücumçunu tapa bilmirdi...

- Mendini tapmışıq elə. (gülür)

 

- Bir həftə sonra Gürcüstana gedirsiniz. Ötən il “Dinamo” ilə oyunda iğtişaşlar baş vermişdi. Bunun üçün hansısa xüsusi təhlükəsizlik tədbirləri görmüsünüz?

- Rəqib komandanın rəhbərliyi ilə bu barədə danışıqlarımız oldu. Özünüz də gördünüz ki, bizdə heç bir problem olmadı. Əla atmosfer var idi. Eyni şeyi də orda gözləyirik.

 

- Artıq ikinci mərhələ barəsində düşünmək olar. Kimi rəqib görmək istərdiniz? Xüsusi bir istəyiniz varmı?

- Hələ bu barədə danışmaq olmaz. Növbəti mərhələyə keçməyimiz bir həftə sonra dəqiqləşəcək. Onda da bilinəcək ki, rəqibimiz kimdi. Ona uyğun da hazırlaşacağıq.

 

- Komandada bir nominal hücumçu var. Növbəti transfer etməyi düşünürsünüzmü?

- Əvvəldən axtardığımız, maraqlandığımız bir neçə oyunçu var, ancaq dəqiq deyil. Avropalı və afrikalı oyunçulardı.

 

- Transfer ikinci mərhələyə qədər yekunlaşa bilərmi?

- Ola bilər, mümkündü.

 

- Klub prezidenti Tale Heydərov qeyd elədi ki, “Qəbələ” ötən mövsüm bəzi legionerlərin seçimində uğursuz olmuşdu. İndi demək olarmı ki, məhdud büdcə ilə ən yaxşılar seçilib?

- Belə deyək də, bu, birinci oyundu. İlk oyuna görə onlar haqqında müsbət fikir bildirmək olar. Ancaq gələcək oyunlar daha dəqiq göstərəcək. Görək yenilər əyalətə uyğunlaşa biləcəklərmi.

0