[b]Əfsanələrin rəqabəti: Kaori tarix yazdı, Saori Azərbaycan təmsilçisini gözləyir[/b]
18.08.2016 - 12:03
[b]Əfsanələrin rəqabəti: Kaori tarix yazdı, Saori Azərbaycan təmsilçisini gözləyir[/b]

Yaponiyalı Kaori İço güləş tarixində ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı güləşçi Olimpiya Oyunlarında 4 qızıl medal alan ilk idmançı kimi bu idman növünün tarixinə düşüb.

 

Afina-2004, Pekin-2008 və London-2012-də 63 kq çəki dərəcəsində hamıdan güclü olan asiyalı xanım bu dəfə fərqli kateqoriyada rəqiblərini qabaqlayıb. Rio-2016-da 58 kq çəki dərəcəsində çıxış edən Kaori onun üçün hansı kateqoriyada çıxış etməyin fərqi olmadığını isbatlayıb. Ardıcıl 4-cü dəfə olimpiya çempionu olan əfsanəvi asiyalı indiyədək heç kimin bacarmadığı iki nailiyyətə imza atıb.

 

Birincisi, bunadək yalnız 9 güləşçi üçqat Olimpiya çempionu idi. Aleksandr Karelin (Rusiya) 1988-2000, Artur Taymazov (Özbəkistan) 2000-2012, Kaori İço (Yaponiya) 2004-2012, Saori Yoşida (Yaponiya) 2004-2012, İvar Yohansson (İsveç) 1932-1936, Aleksandr Medved (SSRİ) 1964-1972, Buvaysar Saytiyev (Rusiya) 1996-2008, Karls Vesterqren (İsveç) 1920-1932-ci, Lopes Nunyes (Kuba) 2008-2016-cı illərdə 3 qızıl medal qazanmışdı. İço Riodakl zəfəri ilə 8 şərikini arxada qoyub.

 

O, həm də fərdi yarışlarda ardıcıl 4 Olimpiya Oyunlarında çempion titulunu qazanan ilk qadın idmançı kimi tarixə düşüb. Lakin bu gün güləş xalçasına çıxacaq və Azərbaycan təmsilçisi Natalya Sinişinlə üz-üzə gələcək digər yaponiyalı Saori Yoşida həmyerlisinin hər iki rekorduna şərik olmaq şansını qoruyur.

 

53 kq çəki dərəcəsində çıxış edən Saori ilə Kaori arasında qiyabi rəqabət də gedir. Onlar güləş tarixinin ən böyük adı üçün həmişə vuruşublar. Saori 3 Olimpiya və 13 dünya, Kaori 4 Olimpiya və 10 dünya çempionluğuna malikdi.

 

Qeyd edək ki, İçonun daha bir qeyri-adi nailiyyəti 2003-2016-cı illərdəki məğlubiyyətsizliyidi. 13 il ərzində xalçanı məğlub tərk etməyən əfsanə bu ilin yanvarında seriyasının qırılmasına üzülmüşdü.

0