[b]Boltun rekord xəyalı[/b]
19.08.2016 - 13:14
[b]Boltun rekord xəyalı[/b]

Bu gecə idmanın kraliçası olan atletikada daha bir Olimpiya rekordu qeydə alına bilər. Apasport.az saytının məlumatına görə, yamaykalı əfsanə Useyn Bolt atletikada ən çox olimpiya qızılı qazanan idmançılara şərik olmaq imkanına malikdi.

 

Pekin-2008 və London-2012-də 100 və 200 m məsafəyə qaçışda, həmçinin 4x100 m estafetində qızıl medal qazanan yamaykalı atlet Rioda da fərdi yarışlarda heç kimə uduzmayıb. Final mərhələsi bu gecə baş tutacaq estafetdə Yamayka millisi qələbə qazansa, Useynin 9-cu qızılı rəsmiləşəcək.

 

O, bununla da çempionluq sayında hamıdan öndə olan atletlər Paavo Nurmi (Finlandiya) və Karl Luisə (ABŞ) məxsus rekordu təkrarlayacaq. Bu iki idmançı da 9 qat Olimpiya çempionudu. Skandinaviyalı 1920-28, amerikalı isə 1984-96-cı illərdə buna imza atıb. Sonuncunun da yamaykalı ilə eyni növlərdə və uzunluğu tullanmada çıxış etdiyini nəzərə alsaq, Bolt üçün ona çatmaq xüsusi prinsipiallıq kəsb edir.

 

Ümumilikdə isə 9 dəfə Olimpiya qızılı qazanmaq yarışın tarixində 2-ci nəticə hesab olunur. Çünki dünya tarixində yalnız bir idmançı – Maykl Felps daha çox çempionluq qazanıb. Amerikalı üzgüçüdə bu rəqəm 23-ə bərabərdi.

 

2-ci yerin şərikləri SSRİ gimnastı Larisa Latınina, amerikalı üzgüçü Mark Spitz, həmçinin Nurmi ilə Luisdi. Useyn onlara çatsa, 2-6-cı yerləri böləcək.

 

Qeyd edək ki, 4x100 m məsafəyə estafetdə final mərhələsi bu gecə saat 05:35-də start götürəcək. 

0