[b]“Məni əsas FİDE-nin gələcəyi maraqlandırır” – Silvio Danialov[/b]
12.09.2016 - 00:58
[b]“Məni əsas FİDE-nin gələcəyi maraqlandırır” – Silvio Danialov[/b]

Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadası artıq həlledici mərhələyə qədəm qoyub. Apasport.az saytının məlumatına görə, turnirlə yanaşı həm də Bakıda FİDE-nin Baş Assambleyası təşkil edilib. Ölkəmizdə baş tutan mötəbər turnirlə əlaqədar Bolqarıstan Milli Şahmat Federasiyasının prezidenti Silvio Danialov da fikirlərini jurnalistlərlə bölüşüb.

 

- Bakıdakı Olimpiada haqqında təəssüratlarınız necədir?

- Azərbaycan paytaxtına səfərim birinci dəfə deyil. Ötən il həm Dünya Kubokunda, həm də FİDE-nin toplantısında iştirak etmişəm. Elə onda mən öz dostlarıma demişdim ki, Bakıdakı yarış son 20-30 ilin ən yaddaqalan turniri olacaq. Artıq biz özümüz bu zamana qədər təşkil olunmuş ən möhtəşəm Olimpiadaya şahidlik edirik. Bu münasibətlə mən Əməliyyat Komitəsinin sədri Mahir Məmmədova və yaxşı tanıdığım, əla münasibətim olan Gənclər və İdman naziri Azad Rəhimova təşəkkür etmək istəyirəm. Bu məqamda ancaq Azərbaycanı möhtəşəm təşkilatçılıq üçün təbrik etmək qalır.

 

- Olimpiadanın gedişi zamanı Bolqarıstan millisinin lideri Veselin Topalov komandanı qoyub getdi. Belə demək olarmı ki, Bolqarıstanın bu dəfə çıxışı alınmadı?

- Bizim bir neçə xüsusi məqamımız oldu. Birincisi Topalovla bağlı məsələdir. O, Bakıya gələndə bilirdi ki, istənilən vaxt geri qayıda bilər. Əsəbləri qaydasında deyildi və heç konsentrasiya ola bilmirdi. Təbii ki, bu da onun oyunlarına təsir edirdi. Həm də həyat yoldaşı xəstəxanada olduğu üçün o, geri qayıtmalı idi. İkinci məqam isə bizim digər şahmatçımız Valentin Yotovun Bakıda xəstələnməsi və temperaturunun qalxmasıdı. Bir sözlə Bolqarıstanın kişi komandası üçün heç bir şey planlaşdırıldığı kimi getmədi. Ancaq bizim xanım yığmamıza çox böyük ümidlərimiz var, onlar da əla çıxış edirlər və ilk 5-lik uğrunda mübarizə aparırlar.

 

- Bəs Azərbaycan yığmasının perspektivləri haqqında nə düşünürsüz?

- Azərbaycan yığmasının medallar üçün yaxşı şansları olduğunu düşünürəm. Komandanın necə oynadığını görmüşəm. Düzdü, Hindistana uduzdular, ancaq belə bir komandaya məğlub olmaq o ayıb deyil. Əlbəttə zəif oyunlar hamıda ola bilər və heç kim bundan sığortalanmayıb. Ancaq sizin komandanız son ana qədər medallar uğrunda mübarizə aparacaq.

 

- Olimpiada ilə paralel olaraq Bakıda həm də FİDE-nin Konqresi keçirilir. Sizi ilk növbədə hansı suallar maraqlandırır?

- İlk olaraq FİDE-nin gələcəyi maraqlandırır. Bu barədə bütün federasiyalar narahatdır. Düşünürəm ki, 2018-ci ildə Batumidə baş tutacaq seçkilərə qədərki 2 il heç də adi keçməyəcək. Düşünürəm ki, bəzi şeylərə yeni bucaqdan baxmaq lazımdı. Ola bilər ki, menecmenti dəyişmək gərəkdir.

 

0