[b]“Sağlamlığım imkan versə...” - Elxan Məmmədov[/b]
02.11.2016 - 17:15
[b]“Sağlamlığım imkan versə...” - Elxan Məmmədov[/b]

Cüdo üzrə yeganə dünya çempionumuz Elxan Məmmədovun (100 kq) apasport.az saytına müsahibəsi

 

- Müəyyən fasilədən sonra beynəlxalq yarışda çempion titulunu qazandız. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan “Böyük Dəbilqə”dəki çıxışınızı necə dəyərləndirərdiz?

- Fikrimcə, çıxışım yaxşı alındı. Bəli, Olimpiadadan sonra ilk dəfə qızıl medal qazandım. Bu, reytinq baxımından da mənə önəmlidi. Çünki reytinq xalımı da kifayət qədər yaxşılaşdırdım və bu məni dünya sıralamasında da yuxarı pillələrə daşıyacaq.

 

- Hansı döyüşünüz daha asan və ya çətin alındı?

- İlk qarşılaşma ilə müqayisədə son 2 görüşüm çətin keçdi. Yarımfinalda gərgin döyüşün ardınca finalda kifayət qədər güclü və bir sıra yarışların qalibi olan braziliyalı Lusiano Korreanı məğlub etdim. Bununla, özümü sübut etdim.

 

- Yəni, sizin çəkinizdə mübarizə aparan və Rio-de-Janeyroda yığmamıza gümüş medal qazandıran Elmar Qasımovun olması baxımından deyirsiz?

- Xeyr, onu nəzərdə tutmuram. Reytinqdə o məndən öndə idi və Olimpiadaya da yollandı. Yəni, Rio-2016 onun qisməti idi.

 

- Bəs növbəti Olimpiya tsiklində planlarınız necədi? Mümkündümü çəkinizi dəyişəsiz?

- O barədə fikirləşdim. Lakin sonradan doğma çəkimdə qalmağı üstün tutdum. Elə 100 kq çəki dərəcəsində də mübarizəni davam etdirəcəm.

 

- Amma 90 kq çəki dərəcəsində yarışıb, ciddi rəqabət də yarada bilərsiz.

- Yox, artıq gecdi. Elmarla bərabər bu çəki dərəcəsində qalacam. Bizim növdə hər bir yarışa eyni çəki dərəcəsində azı 2 idmançı ilə yollanmaq mümkündü. Burada yalnız Olimpiya Oyunları istisnadı.

 

- Söhbət də Olimpiya Oyunlarından gedir. Çünki Rio-2016 ərəfəsində 4 ilin yekununda buraya lisenziya qazansaz da, dünya çempionluğunu bayram etdiyiniz “Sambaçılar ölkə”sinə yollana bilmədiz. Bu məsələdə məşqçilər korpusunun fikri necədi?

- Son Olimpiada necə idisə, bu dəfə də elədi. Yenə kim güclüdüsə, reytinqdə öndədisə, o da gedəcək. Rəqabətdi. Bu, tək bizim deyil, bütün çəkilərdə var. Əvvəllər belə deyildi. Amma artıq hər bir çəkidə ciddi rəqabət yaranıb. Bu da yaxşı haldı.

 

- Riodan sonra sizin karyeranızı bitirəcəyiniz, məşqçiliyə başlayacağınız barədə də söz-söhbət gəzirdi. Amma artıq Qran-priyə qatılıb qızıl medal qazandız. Bu gedişlə sizi növbəti lisenziya savaşında və ya Tokio-2020-də görə biləcəyikmi?

- Bunu hələ bilmirəm. Sağlamlığım imkan versə... Amma çətin. Düzü, bununla bağlı dəqiq qərar da verməmişəm.

 

- Maraqlıdı, bu çəkidə rəqabətdə Elmarla sizə qoşulacaq gənclər yetişirmi? Davamçılarınız gəlirmi?

- Əlbəttə, gənclər yetişir. 100 kq çəki dərəcəsində Cəlil Şükürovla Zelim Kotsoyev güclü idmançılarıdı və onların uğurlu gələcəyi var. Fikrimcə, bu gün yığmada rəqabət güclənib. Bu isə uğurlarımızı artırır.

 

0