[b]“Ayrıseçkilik etmək düzgün deyil” – Uqo Barqas[/b]
17.09.2017 - 00:10
[b]“Ayrıseçkilik etmək düzgün deyil” – Uqo Barqas[/b]

“Zirə” ilə oyunda məğlub olan “Neftçi”nin cari mövsümdə ilk qolunu vuran Uqo Barqas matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Neftçi” yenə uduzdu…

- Növbəti məğlubiyyətlə üzləşməyimiz çox üzücüdü. Buna baxmayaraq, bu dəfə pozitiv məqamlardan danışaq. Bu oyunda topa daha çox sahib olduq, hücumlar qurduq, rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratdıq. Belə müsbət göstəriciləri oyundan-oyuna artırmalıyıq. Yeni gələn baş məşqçi ilə hər şeyə sıfırdan başlamışıq. Onun rəhbərliyi altında bir neçə gün taktiki və fiziki məşqlər keçdik. Dönüş yaradacağımıza inanırıq.

 

- Əksər mütəxəssislər “Neftçi”nin uğursuzluğunun səbəbi kimi legionerlərin səviyyəsinin aşağı olmasını göstərir. Razılaşırsınızmı?

- Razı deyiləm. Yerli futbolçular kimi legionerlər də hər matçda uğur qazanmaq üçün əllərindən gələni edir. Biz bir ailəyik, qrupuq, ayrıseçkilik etmək düzgün deyil. Udanda da, uduzanda da komanda olaraq məsuliyyət daşıyır, nəticə çıxarmağa çalışırıq.

 

- Ötən mövsümün qış fasiləsindən sonra hazırkı heyət daha yaxşı çıxış etdi. Nəticədə “Neftçi”nin yeni çempionata iddialı başlayacağı gözlənilirdi.  Bəs yay hazırlıq dövründə nə baş verdi ki, komanda irəli deyil, geriyə addımladı? Hazırlıq düzgün keçirilmədi, yoxsa daxildə bizə məlum olmayan problemlər yaşanır?

- Düzgün qeyd etdiniz, qış fasiləsindən sonra xeyli xal toplasaq da, mövsümü yeddinci yerdə başa vurduq. Yayda isə yaxşı hazırlaşmadıq, deyə bilmərəm. Əksinə, Bakıda əla hazırlıq keçdik, Avstriyada isə plana əsasən yoldaşlıq oyunlarında gücümüzü sınadıq. Sadəcə, komandada atmosfer yaxşı deyildi. Sanki, dəyişikliyə ehtiyac var idi.

 

- Ab-havanı nə korlayırdı?

- Atmosfer niyə yaxşı deyildi? Çünki keçirdiyimiz yoldaşıq oyunlarının nəticələri ürəkaçan olmadı. Hazırlıq matçları olmasına baxmayaraq, oyunumuz da yaxşı alınmırdı. Bu, artıq keçmişdə qalıb. Komandaya yeni baş məşqçi təyin edilib. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticələr qazanaq.

 

- “Neftçi” turdan-tura xallarla bərabər, nüfuzunu da itirir. Artıq komandanın nəticələri gülüş doğurur. Yəqin ki, bu klubun futbolumuzdakı çəkisini bilirsiniz. Bəs bunun sonu nə vaxt olacaq?

- Futboldu, böyük klubların da enişli-yoxuşlu günləri olur. Amma söz verirəm ki, bundan sonra nəticələrimiz yaxşı olacaq. İlk növbədə hər məğlubiyyətdən sonra özümüz tənqid etməli, səhvlərimizdən nəticə çıxarmalı, çox işləməli və növbəti oyunlarda təkrarlamamalıyıq.

 

- “Neftçi”nin mövsümdə ilk qolunu vurdunuz. Buna görə sevinirsinizmi?

- Vurduğum qol qələbə qazandırsaydı, buna daha çox sevinərdim.Qələbə qazana bilmədiyimizə görə, üzülürəm. Həm də inanıram ki, 4 turdan sonra vurduğum qol komandamıza əlavə stimul verəcək.

0