[b]Türk “Herakl” vəfat etdi[/b]
18.11.2017 - 18:33
[b]Türk “Herakl” vəfat etdi[/b]

Türkiyə idmanına ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, əfsanəvi türkiyəli atlet, üçqat olimpiya çempionu Naim Süleymanoğlu vəfat edib.

 

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən 50 yaşlı ağır atletikanın əfsanəsi bu gün həyatla vidalaşıb.

 

Bolqarıstanda anadan olsa da, sonradan siyasi səbəblərdən Türkiyə cümhuriyyətindən sığınacaq alan idmançı əsas uğurlarını da qardaş ölkə təmsilçisi kimi əldə edib.

 

İlk dünya rekordunu 15 yaşında qıran Süleymanoğlu 1988, 1992 və 1996 Olimpiadasında qızıl medal qazanıb.

 

1988 Seul Olimpiadasında 60 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırmada ardıcıl olaraq 145, 150.5 və 152.5 və təkanla qaldırmada 175, 188.5 və 190 kq-ın öhdəsindən gələrək ümumilikdə 320, 339 və 342.5 kiloqramı ram edərək 6 dünya 9 olimpiada rekordu qırıb və möhtəşəm qələbə əldə edib.

 

1992 Barselona və 1996 Atalanta Olimpiadalarında da rəqiblərinə böyük fərqlə qalib gələn Naim Sidney-2000-də 33 yaşında və zədəli olaraq kürsüyə çıxsa da, bütün cəhdlərində uğursuz oldu.

 

Bu müddətdə 5 dəfə dünya (1989, 1991, 1993, 1994 və 1995), 2 dəfə də Avropa çempionu olan Süleymanoğlu karyerasının sonlarında bir dəfə Avropa üçüncüsü olub (2000).

 

Xüsusilə də öz ağırlığının 3 qatını qaldırması ilə məşhur olan mərhum atlet kiçik boylu və çox güclü olması səbəbindən “Cib Heraklı” ləqəbi ilə tanınırdı.

0