[b]“Qarabağ” üstünlüyü əldən verməyəcək” - MÜSAHİBƏ[/b]
16.02.2018 - 12:49
[b]“Qarabağ” üstünlüyü əldən verməyəcək” - MÜSAHİBƏ[/b]

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonrakı ilk oyunlar nəyi üzə çıxartdı? Birinci və ikinci dövrə ilə müqayisədə komandalar gücləniblər, yoxsa yerlərində sayıblar?

- Bir tura əsasən fikir bildirmək çətindi. 2-3 tura gücləri dəqiq bilinəcək. Ötən həftə mərkəzi oyun “Qarabağ” və “Qəbələ” arasında keçirildi. “Qarabağ” yaxşı təsir bağışladı. “Qəbələ” Antalyadakı yoxlama matçlarında özünü pis göstərməsə də, bu görüşdə onu hiss etdirmədi. “Qarabağ” daha istəkli idi. “Neftçi” – “Kəpəz” görüşünü də izlədim. “Kəpəz”in futbolçusu Dieqo Souza əlinə düşən əlverişli qol imkanından yararlana bilmədi. Bu, “Neftçi”nin oyununda hələ problemlərin olduğunu göstərdi. Amma vacib qələbə qazandılar. “Neftçi”də qalib ruhunun qayıtması baxımından önəmli qalibiyyət idi.

 

- XV turun 4 matçında ümumilikdə 5 qol vuruldu. Bu, komandaların ehtiyatlı oyuna üstünlük verməsindən irəli gəlir, ya hücum xəttinin zəifliyindən?

- Adətən toplanışdan sonrakı ilk oyun ağır keçir. Çünki komandalar yüngül olmurlar. Futbolçuların ritmə düşməsi lazımdı. İkincisi, məhsuldarlığın az olması klublarımızdakı hücumçu probleminin göstəricisidi. Qollar vuran futbolçular çatışmır, keyfiyyətli hücumçuların sayı azdı.

 

- Qış fasiləsindən sonra sizi yaxşı mənada təəccübləndirən komanda oldumu?

- Elə birisi olmadı. Yaxşı yerli futbolçularımız azdı. Keyfiyyətli legionerlər, demək olar ki, yox dərəcəsindədi. Amma əvvəllə müqayisədə bəzi klublarımızda istək və işgüzarlıq artıb.

 

- Şənbə və bazar günü ölkə çempionatında XVI turun oyunları keçiriləcək. Hansı qarşılaşma sizin üçün daha maraqlıdı?

- “Sumqayıt” – “Neftçi” matçını qeyd edərdim. Bu komandalar 4-cü yer uğrunda oynayırlar. Üstəlik, hər ikisi kubokda da mübarizəni davam etdirir. “Sumqayıt”ın “Zirə” ilə çempionat matçını izlədim, pis təsir bağışlamadı, amma oyununu daha da inkişaf etdirməlidi. Yəni hazırkı “Sumqayıt” keçənilki komandadan güclü olmalıdı.

 

- İkinci və üçüncü yerdə qərarlaşan “Qəbələ” ilə “Zirə”nin görüşü də böyük maraq kəsb edir...

- Düzdü, o da yaxşı oyun olacaq. “Qəbələ” xal itirsə, çempionluq mübarizəsindən uzaqlaşacaq. Hazırda çempionatımızda komandaların sayı azdı. Buna görə də, çempion olmaq istəyən xal itkisinə yol verməməli, qələbələr qazanmalıdı.

 

- Liderdən 6 xal geri qalan “Qəbələ”nin bu fərqi aradan qaldıra biləcəyinə inanırsız, yoxsa “Qarabağ”ın yenə çempion olacağı qənaətindəsiz?

- 6 xal böyük fərqdi. “Qarabağ” bu üstünlüyü əldən verməyəcək. Bu komanda həm heyətinə, həm də oyununa görə digərlərindən güclüdü. Amma futbolda hər şey olur. “Qarabağ”ın kubokda “Sumqayıt”a uduzacağını heç kim gözləmirdi.

 

- Bu tur autsayderlər – “Kəpəz” və “Keşlə”nin dueli ilə də yadda qalacaq...

- Qış fasiləsində “Kəpəz”də çox dəyişiklik olub. Onlar oyunlarını gücləndirməli, keyfiyyəti artırmalıdılar. “Keşlə” isə əsas fikrini kuboka yönəldib. Çünki çempionatda yaxşı yerlərdən əllərini üzüblər. Məhz kuboku qazanmaq üçün xarici məşqçi gətiriblər.

 

- Yeri gəlmişkən, yarımfinalçılardan hansının ölkə kubokunun qalibi olmaq şansı daha çoxdu?

- Bütün yarımfinalçılar kuboku götürmək istəyir. Kim ağıllı oyun göstərəcəksə, o da qalib olacaq. Onu da deyim ki, kubok oyunları çempionat matçlarından çox fərqlənir. Hərəsinin öz çətinlikləri var.

 

Tengiz MƏMMƏDOV

 

 

 

 

0