[b]“Liverpul”&“Mançester Siti”: Rekordçu və uğursuz[/b]
16.03.2018 - 16:35
[b]“Liverpul”&“Mançester Siti”: Rekordçu və uğursuz[/b]

Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələcək “Liverpul”la “Mançester Siti”nin yolları avrokuboklarda ilk dəfə kəsişir. Apasport.az saytının məlumatına görə, hazırda Premyer Liqanın lideri olan mançesterlilər üçün avrokuboklarda İngiltərə duelləri uğursuz sayılır.

 

“Şəhərlilər” qitə miqyaslı turnirlərdə öz həmyerliləri ilə görüşlərdə qələbə, hətta xal qazana bilməyən yeganə İngiltərə klubudu. “Mançester Siti” uzaq 1970/71 mövsümündə Kuboklar Kubokunun yarımfinalında “Çelsi”nin “sillə”sinə tuş gəlib. “Zadəganlar”la hər iki qarşılaşma London təmsilçisinin eyni – 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

“Liverpul” isə həmyerliləri ilə oyun sayında İngiltərə rekordçusudu. “Mersisaydlılar” 20 belə matç keçirib. Hesabında 5 qələbə, 9 heç-heçə və 6 məğlubiyyət olan “qırmızılar” top fərqində mənfi saldoya malikdi – 20:21.

 

Maraqlıdı ki, “Liverpul” 20 matçın 10-da “Mançester Siti”nin qənimi “Çelsi”ylə qarşılaşıb. Londonlular bu rəqibdən də üstün olublar. Paytaxt komandası 3, liverpullular 2 qələbə əldə edibsə, 3 matç bərabərliklə nəticələnib.

 

“Liverpul” 2004/05 (0:0, 1:0), 2006/07 (0:1, 1:0, pen.4:1) mövsümlərində “Çelsi”ni mübarizədən kənarlaşdırsa da, 2007/08 (1:1, 2:3) və 2008/09 (1:3, 4:4) mövsümlərində londonlular sevinib. 2005/06 mövsümündə (0:0, 0:0) isə rəqiblər qrupda görüşüb.

 

Bundan başqa, “Liverpul” 1970/71-də “Lids”ə (0:1, 0:0), 1978/79-da “Nottinhem Forest”ə (0:2, 0:0) uduzub. “Qırmızılar” 1972/73-də “Tottenhem”i səfər qolu ilə (1:0, 1:2), 2007/08-də “Arsenal”ı (1:1, 4:2), 2015/16-də “Mançester Yunayted”i (2:0, 1:1) mübarizədən kənarlaşdırıb. Bir sözlə, “Liverpul” qrupdakı oyunları saymasaq, 9 duelin 5-də mərhələ keçib, 4-də isə mövsümü başa vurub.

0