Junior Osvaldo Azərbaycan kubokunun finallarında ikinci dublun müəllifi olub
25.05.2008 - 11:39
Junior Osvaldo Azərbaycan kubokunun finallarında ikinci dublun müəllifi olub
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Xəzər-Lənkəran” klubunun braziliyalı
yarımmüdafiəçisi Junior Osvaldo “Karvan”ın baş məşqçisi Yunis Hüseynovun rekordunu təkrarlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, braziliyalı legioner Azərbaycan kubokunun final matçında iki qol vuran ikinci futbolçu olub. J. Osvaldo T. Bəhramov adına Respublika stadionunda keçirilən “Xəzər-Lənkəran” - “İnter” matçında dubla imza atıb ki, indiyədək yalnız Y. Hüseynov final qarşılaşmasında eyni nəticəni göstərmişdi. 1996-cı iı mayın 15-də keçirilən “Neftçi” – “Qarabağ” matçında ağdamlıları iki qolla məyus edən Y. Hüseynov həm bakılılara kuboku qazanmasında pay sahibi olmuş, həm də finalların tarixinə düşmüşdü. Qeyd edək ki, uzun müddət zədə üzündən meydana çıxmayan braziliyalı son qolunu da T. Bəhramov adına Respublika stadionunda vurub. J. Osvaldo son dəfə 202 gün əvvəl – ötən il noyabrın 4-də “Bakı” ilə Azərbaycan Premyer Liqasının oyununda komandasının azarkeşlərini sevindirib.
0