Ermənilərin növbəti çirkin əməli
30.10.2008 - 17:13
Ermənilərin növbəti çirkin əməli
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin inzibati mərkəzi olan Xankəndi şəhərində stolüstü tennis üzrə beynəlxalq turnir başlayıb. “APA-Sport”un “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, turnirdə bir neçə ölkədən - Rusiya, Fransa, Livan, Gürcüstan və Ermənistandan olan idmançılar mübarizə aparırlar. Yarışın açılış mərasimi Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın iştirakı ilə keçirilib. Turnir üç gün davam edəcək. Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr veriləcək.

Azərbaycanın Gənclər və İdman Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Nazir müavini İsmayıl İsmayılov Xankəndində keçirilən yarışın qeyri-qanuni olduğunu bildirib: “Bu turnir nə dünya, nə də Avropa stolüstü tennis federasiyalarının təqvimində yer alır. Necə deyərlər, Dağlıq Qarabağ qondarma olduğu kimi, orada keçirilən yarış da qondarmadır”. İsmayılov yarışa qatılmış ölkələrə etiraz məktubu göndəriləcəyini açıqlayıb: “Həmin ölkələrin stolüstü tennis federasiyalarına şikayət məktubu göndərəcəyik və Xankəndinə yollanmış idmançıların, eləcə də məşqçilərin cəzalandırılmasını tələb edəcəyik”.

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) baş katibi İbrahim Əfəndiyev isə ötən il də Dağlıq Qarabağda analoji yarışın keçirildiyini və bununla bağlı Avropa Stolüstü Tennis Federasiyasına göndərdikləri etiraz məktubunun nəticəsiz qaldığını deyib: “Avropa Stolüstü Tennis Federasiyası ilə çox yaxşı münasibətlərimizin olmasına baxmayaraq, ötən il onlar bizə kömək etməyi bacarmadılar. Bildirdilər ki, Xankəndi turniri Avropa Stolüstü Tennis Federasiyasının xətti ilə keçirilmir. Daha doğrusu, qondarma “Dağlıq Qarabağ Respublikası”nın stolüstü tennis federasiyası heç bir qurumun üzvü deyil”. Əfəndiyev bu dəfə də qitə stolüstü tennis federasiyasına şikayət etmək niyyətində olduqlarını vurğulayıb.

Xankəndində keçirilən yarışda xarici ölkələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya və Fransanın idmançılarının iştirakına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim də bu məsələnin araşdırılacağını və müvafiq addımlar atılacağını bəyan edib.


0