İlqar Quluzadə: Gedeni vuran şəxsi tapmaq çətin olsa da, axtarırıq
26.02.2009 - 12:45
İlqar Quluzadə: Gedeni vuran şəxsi tapmaq çətin olsa da, axtarırıq
“Hans-Yurgen Gedenin komandamızın baş məşqçi postundan istefaya göndəriləcəyi haqda xəbərlər həqiqətə uyğun deyil. Gede qalır və öz işini davam etdirir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri lent.az-a açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

Azərbaycan kubokunun ilk ¼ final matçında “Qarabağ”a 0:1 hesablı məğlubiyyətdən sonra “Neftçi” rəhbərliyinin klubdaxili iclas keçirdiyi haqda xəbərlər yayılıb. Verilən məlumatlara əsasən, həmin iclasda baş məşqçi postunda dəyişikliyin edilməsi məsələsi müzakirə olunub. Lakin Quluzadə bu informasiyaları təkzib edib: “Heç bir iclas olmayıb. Düzdür, komandamız uduzub. Lakin cavab görüşündə lazımi qələbəni qazanaraq, yarımfinala vəsiqə qazanacağımıza inanırıq”.

Klub rəsmisi baş məşqçi Hans-Yurgen Gedenin “Qarabağ”la oyundan sonra “Neftçi” azarkeşlərindən biri tərəfindən döyülməsinə də münasibət bildirib. O, bütün dünyada baş məşqçiyə azarkeşlər tərəfindən təzyiq olunma hallarına rast gəlindiyini söyləyib. Quluzadə Gedeyə fiziki təzyiq göstərən şəxsin axtarıldığını deyib: “Bakının 4 milyon əhalisi var. Baş məşqçimizə fiziki təzyiq göstərən şəxs aradan çıxıb. Onu tapmaq çətin olsa da, axtarırıq”.
0