İlqar Qurbanov: Bir dəqiqə meydanda olduğum oyunda 5000 dollar qazanıram
04.03.2009 - 17:10
İlqar Qurbanov: Bir dəqiqə meydanda olduğum oyunda 5000 dollar qazanıram
Həmyerlimiz İlqar Qurbanovun Türkiyədə qazancı bəlli olub. Bank Asiya Liqasında mübarizə aparan “Boluspor” klubunun şərəfini qoruyan 23 yaşlı futbolçu apasport.az saytına bildirib ki, hər oyuna 5000 dollar gəliri olur. Ancaq bunun üçün Qurbanovun meydana çıxması zəruridir: “Hətta meydanda bir dəqiqə olduğum halda da 5000 dollar qazanıram. Oynamasam, amma adım matçın iştirak ərizəsində olarsa, 2500 dollar alıram. “18-liy”ə düşməyəndə isə qazancdan məhrum oluram. Burda futbolçular üçün maaş sistemi belədir ki, danışılan məbləğ mövsüm ərzində matç sayına bölünür. Əlavə mükafatlar da olur. Bu, orta hesabla 1500-2000 dollar aralığındadır. Evdə qələbəyə 1500, səfərdə 2000 dollar qoyulur. Ancaq bundan fərqli, böyük məbləğdə mükafatlar da mövcuddur. Bu da prinsipial rəqiblərlə görüşlərə aiddir. Misal üçün, “Sivasspor”da çıxış edəndə bir oyuna 10 min dollar mükafatım olub”.

Superliqaya yüksəlməyə iddialı “Boluspor” keçirdiyi 24 oyundan sonra 38 xalla hazırda turnir cədvəlində 6-cı yerdədir və liderdən 8 xal geri qalır. İcarə əsasında bu komandada çıxış edən Qurbanov maddi durumundan da razıdır: “Düzdür, bu liqada çıxış edən bir neçə klub var ki, orada daha çox qazanmaq olardı. Ancaq həmin komandalarda sonradan maliyyə problemləri yaranır ki, futbolçular pullarını ala bilmirlər. “Boluspor”da isə bir belə problem yaşanmır və vaxtı-vaxtında pulumuzu alırıq. Buna görə də “Boluspor”u seçdim. Çempionat oyunlarının çoxunda oynamışam. Bir müddət zədəli olduğum üçün bütün matçlarda iştirak edə bilmədim. Kubok matçlarını da zədə üzündən buraxmalı oldum”.

Qeyd edək ki, müqavilə ilə “Sivasspor”a məxsus olan İlqar cari çempionatda 15 oyun keçirib. Ümumilikdə 668 dəqiqə meydanda olan futbolçumuz 3 qol vurub. Qurbanovun 15 matçda meydana çıxdığını nəzərə alsaq, “Boluspor”da qazancı 75 min dollar olub. Çempionatın başa çatmasına hələ 10 tur qalıb və İlqar bu görüşlərdə də iştirak etsə, daha 50000 dollar gəliri olacaq.
0