Berti Foqts: Azərbaycanla Rusiya əvvəl qardaş idi, indi isə rəqib
05.03.2009 - 10:47
Berti Foqts: Azərbaycanla Rusiya əvvəl qardaş idi, indi isə rəqib
Rusiyanın “Sport-Ekspress” qəzetinin Almaniyadakı əməkdaşı Frankfurt şəhərində təlim-məşq toplanışı keçirən Azərbaycan yığmasının düşərgəsində olub. Apasport.az saytının məlumatına görə, komandamızın düşərgəsindən reportaj hazırlayan həmkarımız baş məşqçi Berti Foqtsdan da geniş müsahibə götürüb. Reportaj və bütöv müsahibəni növbəti saylarına saxlayan rusiyalılar söhbətin müəyyən hissəsini oxucularına təqdim edib.

- Almaniya milli komandasının baş məşqçisi olduğunuz vaxt 1996-cı ilin Avropa çempionatının final mərhələsində Rusiya yığmasına 3:0 hesabı ilə qalib gəldiniz. Oleq Romantsevin başçılıq etdiyi həmin Rusiya ilə Qus Hiddinkin rəhbərlik etdiyi indiki yığmanı müqayisə edə bilərsiniz?
- Müqayisə etmək olmaz. 1996-cı ildə başqa yığma idi. Elə futbol da fərqli idi, indi olduğu kimi deyildi. İndiki Rusiya milli komandası dünyanın ən güclülərindən biridir. 1996-cı ildə də güclü idi. Buna baxmayaraq, qrupdan çıxa bilməmişdi.

- Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyununda qarşınıza hansı vəzifə qoyulub?
- Biz müsbət nəticə əldə etmək istəyirik. Hərçənd, bunun asan olmayacağını da başa düşürük. Çalışacağıq ki, əlimizə düşən bütün imkanlardan yararlanaq.

- Moskvada bir və ya üç xal götürmək ehtimalınız nə qədərdir?
- Futbolda çox şey mümkündür. Bu oyundur və 90 dəqiqə davam edir. Bu müddətdə çox şeylər baş verə bilər.

- Moskvada az azərbaycanlı yaşamır. Onların “Lujniki”dəki dəstəyinə bel bağlayırsınız?
- Azərbaycanlılar hər yerdə çoxdur. Və onlar böyük həvəslə azarkeşlik edirlər. Moskvada sanballı dəstəyimizin olacağına şübhə etmirəm.

- Qus Hiddink hazırda “Çelsi”dədir. Necə düşünürsünüz, bu, Rusiya yığmasının rəqiblərinə hər hansı üstünlük verir?
- Hiddink hazırda dünyanın ən güclü məşqçisidir. Belə olmasaydı, o dünyanın ən güclü yığmalarından birini çalışdırmaz, planetin ən güclü klublarından birində işləməzdi.

- Amma indi onun Rusiya yığması üçün əvvəlki kimi çox vaxt ayırmaq imkanı yoxdur...
- Hiddinkin əla köməkçiləri var – yeri gəlmişkən mən onları çox yaxşı tanıyıram. Onlar ciddi, əsalı işlər görürlər.

- Sizin komandanız üçün Rusiya ilə oyunlar nə dərəcədə əhəmiyyətlidir?
- Bu matçlar azərbaycanlılar və rusiyalılar üçün eyni dərəcədə önəm kəsb edir. Onlar əvvəl qardaş idilər, indi isə rəqib.

- Sizin yetirmələriniz üçün Rusiyaya qarşı oyunları almaniyalılarla görüşlərdən daha vacibdir?
- Bilmirəm... Mən artıq bir ildir Azərbaycandayam və başa düşmüşəm ki, onlar çox qürurlu millətdir. Ruslar da həmçinin. Qarşıda bizi iki çox maraqlı oyun gözləyir.
0