Estoniyada yaşayan azərbaycanlı milli komandamıza cəlb olunur
24.04.2009 - 12:18
Estoniyada yaşayan azərbaycanlı milli komandamıza cəlb olunur
Estoniya qılıncoynatma yığmasının azərbaycanlı üzvü Kənan Yusifov bundan sonra milli komandamızın şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, bu haqda Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov məlumat verib. Şpaqa növündə mübarizə aparan soydaşımızın yığmamızın şərəfini qoruması üçün artıq bütün prosedur qaydalar həyata keçirilib.

Məmmədov bildirib ki, qarşı tərəf Yusifovun Azərbaycan yığmasına cəlb olunmasına razılıq alınıb: “Qılıncoynatma qaydalarına görə, idmançı 3 il bir yığmanın heyətində yer almadığı təqdirdə, başqa ölkənin adından çıxış edə bilər. Lakin Beynəlxalq Qılıncoynatma Federasiyasının İcraiyyə Komitəsi müsbət rəyi sayəsində bu müddətin nəzərə alınmaması mümkündür. Sadəcə, bundan ötrü hər iki tərəfin razılığı olmalıdır. Estoniyalılar bizə razılıq veriblər. Ona görə də Kənan Yusifovun milli komandamıza cəlb edilməsinə problem yoxdur”.

Digər xarici ölkələrdə yaşayan azərbaycanlı məşqçi və idmançıların da AQF ilə əməkdaşlıq etməsi istiqamətində işlər aparıldığını söyləyən baş katib qılıncoynatma üzrə yeganə azərbaycanlı olimpiya çempionu İlqar Məmmədovdan da danışıb. Ramin Məmmədov deyib ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının Hakimlər Kollegiyasının üzvü olan soydaşımız Bakıya dəvət olunub: “İlqar Məmmədovun həm təcrübəsindən, həm də beynəlxalq federasiyada tutduğu vəzifədən yararlanmağa çalışırıq. Onu mayda paytaxtımızda keçiriləcək “Baku Fencing Open” turnirinə dəvət etmişik. Əgər dəvətimizi qəbul edib bura gələrsə, şad olarıq”.

AQF-nin gələcək planlarına toxunan Məmmədov regionlarda qılıncoynatmanın inkişafına diqqət ayrılacağını nəzərə çatdırıb. Belə ki, iyunda Sumqayıtda qılıncoynatma bölməsi açılacaq. Yaxın aylarda analoji bölmələr Quba, Xaçmaz, Mingəçevir, Şirvan, Lənkəran və Gəncədə də fəaliyyətə başlayacaq. Həmçinin, AQF rəhbərliyi ilin axırlarında “Federasiya kuboku” yarışı keçirməyi planlaşdırır. Bu turnirdə idman klubları və cəmiyyətləri komanda şəklində mübarizə aparacaqlar.
0