Nihat Kahveçi əsgərliyə getdi - FOTOSESSİYA
06.07.2009 - 11:00
Nihat Kahveçi əsgərliyə getdi - FOTOSESSİYA
Türkiyə milli komandasının futbolçusu Nihat Kahveçi əsgərliyə gedib. Apasport.az saytının məlumatına görə, “Vilyareal”ın yarımmüdafiəçisi Burdur bələdiyyəsində 58-ci Piyada Qoşunlarında hərbi xidmətdə olacaq. O, 21 gündən sonra tərxis olunacaq.

Nihatın cəmi 3 həftə hərbi xidmət keçməsi onun ölkədən kənarda ən azı 2 il çalışması ilə əlaqədardır. Yerli qanunlara görə, Türkiyədən xaricdən minimum 2 il işləmiş hər bir kəs ölkəyə qayıtdıqdan sonra dövlətə müəyyən məbləğ ödəməklə, 21 günlük hərbi xidmətə yollana bilər.

Kahveçi ilə yanaşı, xaricdən qayıdan daha 5500 nəfər iyulun əvvəlində əsgərliyə gedib. Maraqlıdır ki, futbolçu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanla eyni hərbi hissədə xidmət keçəcək.

Hərbi hissəyə daxil olmamışdan öncə 30 yaşlı yarımmüdafiəçi qürur duyduğunu bildirib: “Əsgəri vəzifəmi yerinə yetirmək üçün hərbi hissəyə gəldim. Çox şadam və qürurluyam”.

Onun meneceri Murat Kuş isə bildirib ki, Nihatın “Beşiktaş”a transfer olması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: “Nihat hələ də “Vilyareal”ın futbolçusudur. Karyerasını hansı klubda davam etdirəcəyi barədə müzakirələr əsgərlikdən sonra aparılacaq”.
0